BAXCP parlamentdə yeni komitələrin yaradılmasını təklif etdi
30 noyabr 2010 13:33 (UTC +04:00)

BAXCP parlamentdə yeni komitələrin yaradılmasını təklif etdi

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

BAXCP-nin mətbat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.


İdarə Heyəti ictimai-siyasi məsələlərin müzakirəsi çərçivəsində parlament seçkilərinin nəticələrinə və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında qəbul olunan qərarlara daha çox diqqət ayırıb. Ölkədə siyasi islahatların aparılmasının labüdlüyünü bir daha önə çəkən və bu kontestdə bəzi MDB ölkələrində aparılan islahatları nümunə gətirən İdarə Heyətinin üzvləri Azərbaycanda çoxpartiyalı sistemin inkişafı üçün bir sıra təxirəsalınmaz addımların atılmasının əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, parlamentdə təmsil olunan digər partiyaların təmsilçilərinin Milli Məclisin rəhbər strukturlarında yer almamaları çoxpartiyalı sistemin inkişafı ilə bağlı iqtidar tərəfindən elan olunan prinsiplərə uyğun gəlmir.

Bu baxımdan BAXCP İdarə Heyəti parlamentdə yeni komitələrin yaradılması və həmin komitələrin rəhbərliyinə müxalifətdən olan millət vəkillərinin seçilməsi təklifi ilə çıxış edib. BAXCP İdarə Heyəti hesab edir ki, Milli Məclisdə Qarabağ, Avrointeqrasiya məsələləri, Büdcə və Büdcəyə nəzarət, eləcə də Türk və MDB respublikaları ilə iş üzrə komitələr yaradılmalıdır.

İdarə Heyəti parlamentdə təmsil olunan müxalifət partiyalarının da birgə əməkdaşlıq formatının tapılması istiqamətində müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 675

Oxşar yazılar