Ermənistan Azərbaycana qarşı açıq ekoloji terrora başlayıb
23 noyabr 2010 16:31 (UTC +04:00)

Ermənistan Azərbaycana qarşı açıq ekoloji terrora başlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin Qazax və Beyləqan Analitik Tədqiqatlar Laboratoriyaları noyabr ayının II ongünlüyü üçün Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə növbəti monitorinq həyata keçirib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi noyabr ayının I ongünlüyünə nisbətən 75 m3/san azalaraq, 113 m3/san təşkil edib.


Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa Kür çayı və onun qollarına axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibində olan spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) bir neçə dəfə keçib. Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenol və mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 4, mis birləşmələri 2 dəfə YVQH-ni keçib.


Araz çayında aparılan monitorinqlərin nəticələri isə suda yüksək çirklənmənin olduğunu göstərib. Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, sənaye və dağ mədən müəssisələrinin çirkab sularının təsiri nəticəsində noyabr ayının II ongünlüyünün əvvəllərində mis birləşmələrinin konsentrasiyası normadan 3-4 dəfə çox olduğu halda, 16 noyabr tarixindən başlayaraq bu miqdarın 11-13 dəfəyə qədər yüksəldiyi müşahidə olunub. Bu müddət ərzində Araz çayında suyun sərfi orta illik sərfdən fərqli olaraq 17,2 m3/san təşkil edib.


Horadiz və Bəhramtəpə məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 13, I Şahsevən məntəqəsində fenollar 2, mis birləşmələri 11 dəfə YVQH-ni keçib. Əvvəlki monitorinqlərin nəticələrindən fərqli olaraq noyabr ayının II ongünlüyündə Araz çayında mis birləşmələrinin yüksək konsentrasiyası qeydə alınıb.


Vəziyyətlə bağlı Nazirliyin Beyləqan Analitik Tədqiqatlar Laboratoriyası 16 noyabr tarixindən başlayaraq bu müşahidələrin sayını gündə 3 dəfəyə qədər artıraraq çirklənmənin vəziyyətini izləyib. Əslində erməni tərəfi bütün çaylarda olduğu kimi, Araz çayında, onun Ermənistandan və işğal altında olan ərazilərdən axan qollarında heç bir ekoloji normalara riayət etməyib, əksinə, şüurlu surətdə onları fövqəladə dərəcədə çirklənməyə məruz qoyub ki, bütün bunlarda da məqsəd Azərbaycana, onun təbiətinə və əhalisinə mümkün qədər çox ziyan vurmaq olub. Lakin hər gün müşahidə etdiyimiz ifrat çirklənmədən də dəfələrlə çox olan bu çirklənməni Qacaran mis mədənlərinin zəhərli tullantılarının əvvəllər də tez-tez baş verən bu kimi tullantı hovuzlarından Oxçuçaya bütövlükdə boşaldılması ilə izah etmək olar. Ermənilər öz mətbuatlarında noyabr ayının ortalarında Qacaran mis kombinatında baş vermiş qəza barədə yazırlar. Lakin belə hadisələrin mütəmadi baş verməsi məqsədli fəaliyyət barədə düşünməyə əsas verir. 18-22 noyabr tarixlərində aparılmış monitorinqlərin nəticələri isə çirklənmənin əvvəlki günlərə nisbətən bir qədər azaldığını göstərib.


Hazırda Kür və Araz çaylarında çirklənmə vəziyyətinə nəzarət davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516

Oxşar yazılar