Dünya Azərbaycanlı Gənclər Birliyi yaradılacaq
22 noyabr 2010 16:47 (UTC +04:00)

Dünya Azərbaycanlı Gənclər Birliyi yaradılacaq

Noyabrın 27-28-də Almaniyanın Frankfurt şəhərində keçiriləcək Dünya Azərbaycanlı Gənclərin I Konqresinə hazırlıqlar başa çatmaq üzrədir. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, konqresi Diasporla İş üzrə Dövlət Komitəsi Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcək.


Tədbir Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq keçiriləcək. Tədbirdə Azərbaycan dövlət və hökumət nümayəndələrindən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun, gənclər və idman naziri Azad Rəhimovun, millət vəkillərinin, Nazirlər Kabinetinin əməkdaşlatının, Azərbaycan Respublikasının Rusiya, Fransa, Avstriya, Almaniya, Böyük Britaniya, İsveçrə və Türkiyədəki fövqəladə və səlahiyyətli səfirlərinin, ölkəmizin Avropa Şurası, TürkPA, İKT Gənclər Forumundakı nümayəndələrinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təmsilçilərinin iştirakı gözlənilir. Konqresə dünyanın müxtəlif ölkələrindən 115 azərbaycanlı gənc, təxminən 40 diaspor təşkilatının rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən bir sıra gənclər təşkilatlarının rəhbərləri, eləcə də xaricdə təhsil alan tələbələr, ayrıca olaraq Almaniyada təhsil alan 40-dək azərbaycanlı tələbə və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri qatılacaq. Bununla yanaşı, konqresə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının–RAGT-nin (AMOR) böyük bir nümayəndə heyəti ilə qatılması nəzərdə tutulub.


Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin təşkili xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi məqsədinə xidmət edir. İkigünlük tədbirin açılışı “The Westin Grand” otelində olacaq. Konqresin işi “Azərbaycan həqiqətlərinin təbliği və diaspor quruculuğunda gəncliyin rolu”, “Mədəniyyətlərarası dialoqun inkişafında gəncliyin rolu”, “Xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası” və “İnsan hüquq və azadlıqlarının müdafiəsi gənclər təşkilatlarının fəaliyyətində” adlı 4 paneldən ibarət olacaq.


Tədbirdə Dünya Azərbaycanlı Gənclər Birliyinin (UWAY- The Union of World Azerbaijani Youth) yaradılması ideyası müzakirə ediləcək. Konqresin sonunda yekun sənədlər qəbul olunacaq.


Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 799

Oxşar yazılar