Azərbaycanda keçirilmiş parlament seçkiləri AŞPA Monitorinq Komitəsində müzakirə olunub
17 noyabr 2010 14:29 (UTC +04:00)

Azərbaycanda keçirilmiş parlament seçkiləri AŞPA Monitorinq Komitəsində müzakirə olunub

APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, gündəliyə Bosniya və Herseqovinada dövlət quruculuğunun inkişafı, noyabrın 28-də Moldovada keçiriləcək parlament seçkilərinə hazırlığın vəziyyəti, Gürcüstanda və Ukraynada son vaxtlar baş vermiş hadisələr, Gürcüstanla Rusiya arasında mövcud münasibətlər və noyabrın 7-də Azərbaycanda keçirilmiş parlament seçkilərinin gedişi məsələləri daxil edilib.

Toplantıda AŞPA Monitorinq Komitəsinin parlament seçkilərini müşahidə etmiş Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramuntun (İspaniya) və Cozef Debano Qrexin (Malta) məlumatları dinlənilib.

P. Aqramunt Azərbaycanda parlament seçkiləri və bununla bağlı komitədə etdiyi çıxış barədə azərbaycanlı jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, keçirilmiş parlament seçkilərini müşahidə edən istər yerli, istərsə də beynəlxalq missiyalara hər cür şərait yaradılıb: “Müşahidə zamanı hər hansı bir problem ortaya çıxmayıb. Seçkilər Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş standartlara uyğun keçirilib. Azərbaycandakı parlament seçkilərini Azərbaycan üzrə həmməruzəçilər də daxil olmaqla, Avropa Şurasının 30 nəfərdən ibarət missiyası müşahidə edib. Seçkilər zamanı hər hansı qanun pozuntusu qeyd olunmayıb, seçkilər ədalətli, şəffaf keçib, narahatlıq doğuran problemə rast gəlinməyib. Bu isə öz növbəsində Mərkəzi Seçki Komissiyasının parlament seçkilərinə yaxşı hazırlıq gördüyündən, bu sahədə öz işini təkmilləşdirdiyindən xəbər verir. Seçki məntəqələri müasir avadanlıqla təchiz edilib, seçicilər arasında maarifləndirmə işləri aparılıb”.

Bütün bunlarla yanaşı, həmməruzəçi Mərkəzi Seçki Komissiyasının seçki sisteminin daha da təkmilləşdirilməsi istiqamətində bəzi işlər görməli olduğunu vurğulayıb: “2005-ci ildə keçirilmiş parlament seçkiləri ilə müqayisədə bu dəfə istər seçkilərə hazırlıq istiqamətində, istərsə də onun gedişində böyük dönüş yarandığını görməmək mümkün deyil. Seçkilərin yüksək səviyyədə, beynəlxalq normalara uyğun keçməsi üçün Mərkəzi Seçki Komissiyası xeyli iş görüb, öz işində dönüş yarada bilib. Ən əsası odur ki, seçkilər sakit şəraitdə keçib. Əvvəlkindən fərqli olaraq, bu seçkidə ölkədəki bütün müxalifət partiyaları iştirak edib. Bu isə özlüyündə yaxşı hal və demokratiyanın inkişafı kimi dəyərləndirilməlidir. Ümid edirik ki, Azərbaycanda gələcək seçkilər daha yüksək səviyyədə keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537

Oxşar yazılar