MDB icraçı katibi Ermənistan xarici işlər nazirinə təkzib məktubu göndərib
12 noyabr 2010 16:24 (UTC +04:00)

MDB icraçı katibi Ermənistan xarici işlər nazirinə təkzib məktubu göndərib

MDB İcraiyyə Komitəsinin sədri, MDB-nin icraçı katibi Sergey Lebedevin Bakıda jurnalistlərə verdiyi açıqlamasındakı bəzi fikirləri Ermənistanda narazılıqla qarşılanıb. APA-nın məlumatına görə, Lebedevin açıqlamasında xüsusən “işğal olunmuş ərazilər” ifadəsini işlətməsi ermənilərin xoşuna gəlməyib. Məhz bu səbəbdən Sergey Lebedev tələm-tələsik Ermənistanın xarici işlər naziri Edvard Nalbandyana təkzib məktubu göndərib və bu cür açıqlama vermədiyini, fikirlərinin Azərbaycan jurnalistləri tərəfindən təhrif olunduğunu bildirib. Məktubda deyilir: “Həmçinin mənim tərəfimdən qeyd olunub ki, MDB İcraiyyə Komitəsi danışıqlar prosesində iştirak etmir, buna görə də mənin danışıqların mahiyyətindən xəbərim yoxdur və bu barədə danışa bilmərəm. Bununla əlaqədar sizi rəsmi şəkildə məlumatlandırıram ki, bəzi informasiya agentliklərinin mənə istinadən yaydığı “Biz işğal olunmuş ərazilərin azad olunması, Naxçıvanla Azərbaycan, Qarabağla Ermənistan arasında dəhlizin yaradılması məsələsini müzakirə edirik” fikri həqiqətə uyğun deyil. Fürsətdən istifadə edərək Müstəqil Dövlətlər Birliyinin gələcəkdə daha da möhkəmləndirilməsi maraqlarından çıxış edərək Ermənistan rəhbərliyinə səmimi və konstruktiv münasibət bəslədiyimi bir daha nəzərinizə çatdırıram”.

Təkzib məktubundan göründüyü kimi Sergey Lebedev guya jurnalistlərə “danışıqların mahiyyətindən xəbərdar olmadığını və bununla bağlı fikir söyləyə bilməyəcəyini” deyib. O, məktubunda əsas ağırlığı bu fikrin üzərinə salsa da, dolayı yolla həm də “işğal olunmuş torpaqların azad edilməsi” ifadəsini işlətdiyini də inkar etməyə çalışıb. Bunu nəzərə alaraq Sergey Lebedevin jurnalistlərə verdiyi açıqlamanın lent yazısındakı mətni olduğu kimi diqqətə çatdırırıq.

MDB-nin icraçı katibi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin gedişinə dair sualı belə cavablandırıb: “Özünüz görürsünüz ki, Rusiya rəhbərliyi bu münaqişənin nizamlanması üçün necə səylər göstərir. Üçtərəfli görüşlər keçirilir, belə görüşlər iki il əvvəl başlayıb. Son üçtərəfli görüş Həştərxanda keçirilib. Bildiyiniz kimi orada həm əsirlərin, həm meyitlərin dəyişdirilməsi ilə bağlı konkret razılaşmalar əldə olunub. Bunlar irəliyə doğru kiçik addımlardır. Amma biz bu addımların davamının olmasına, razılaşmanın əldə edilməsinə çalışırıq. Bu məsələ də müzakirə olunur, həm işğal olunmuş ərazilərin azad edilməsi, həm Naxçıvanla Azərbaycan, həm də Qarabağla Ermənistan arasında dəhlizin yaradılması. Bundan başqa bir çox digər humanitar məsələlər də müzakirə olunur”.

Sergey Levedev açıqlamasının davamında MDB İcraiyyə Komitəsinin deyil, MDB-yə daxil olan ölkələrin, ilk növbədə isə Rusiyanın münaqişənin nizamlanması prosesinə cəlb olunduğunu deyib: “Hamı bizim iki qardaş dövlətə aralarındakı problemi həll etməkdə kömək etməyə səy göstərir”.

Şərh. Lebedevin Bakıda söylədiyi fikirlərlə göndərdiyi təkzib məktubundakı fikirlər arasında ziddiyyət olduğu göz qabağındadır. Lebedevin açıqlamasının yer aldığı lent yazısı isə əslində MDB icraçı katibinin təkzib məktubundakı fikirlərinin yalan olduğunu, bu məktubu ermənilərin təzyiqi qarşısında verdiyini təsdiqləyir. Sergey Lebedevi Bakıda jurnalistlərə açıqlama verməyə və “işğal olunmuş ərazilərin azad olunması” fikrini söyləməyə heç kim məcbur etməyib (təbii ki məcbur da edə bilməz), bu fikirlər Sergey Lebedevə məxsusdur. Belə olan təqdirdə MDB icra katibinin azərbaycanlı jurnalistlərə bir söz, Ermənistan xarici işlər nazirinə isə başqa söz deməsi nə ilə izah oluna bilər? Sualın cavabını Lebedevin Bakıda jurnalistlərə verdiyi açıqlamadakı bir fikirlə cavablandırmaq olar: “Özünüz görürsünüz ki, Rusiya rəhbərliyi bu münaqişənin nizamlanması üçün necə səylər göstərir.” Əlbəttə, görürük, cənab Lebedev, bu səylər də sizin açıqlamanız kimi ikili standartlardan ibarətdir!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603

Oxşar yazılar