Türkiyə Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başladı
10 noyabr 2010 19:23 (UTC +04:00)

Türkiyə Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başladı

APA-nın Avropa bürosunun xəbərinə görə, keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın xarici işlər naziri, AŞ NK-nın hazırkı sədri, Antonio Miloşoskinin rəhbərliyi ilə keçirilən toplantıda quruma sədrlik Makedoniyadan Türkiyəyə ötürülüb.

Bundan başqa, Avropa Şurası və Gürcüstandakı münaqişə, Kiprdəki vəziyyət, Avropa Şurası ilə ATƏT arasında əməkdaşlıq, eləcə də bu ilin sentyabrın 22-də Bakıda keçirilmiş Avropa Şurasına üzv ölkələrin idman nazirlərinin qeyri-formal toplantısının nəticələri də sessiyada müzakirə edilib. Toplantıda Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberq də çıxış edərək, Avropada insan hüquqlarının vəziyyətinə dair üç aylıq hesabatını təqdim edib.

Toplantının sonunda AŞNK-ya sədrlik növbəti altı ay müddətinə Türkiyəyə keçib.

A. Miloşoski ölkəsinin AŞNK-da altı ay ərzindəki sədrliyi haqda hesabat verib, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə quruma rəhbərlik edəcəyi dövr üçün ölkəsinin prioritetlərini açıqlayıb.

Ə. Davudoğlu bildirib ki, Türkiyənin qurumdakı sədrliyi ərzində əsas prioritetləri və məqsədi ən qədim panavropa təşkilatı olan Avropa Şurasının Avropada, eləcə də bütün dünyada təsirini artırmaqdır. Bundan başqa, nazir Türkiyənin əsas diqqəti AŞ İnsan Hüquqları üzrə Komissarı, İrqçilik və Qeyri-Tolerantlığa Qarşı Avropa Komitəsi və İşgəncələrə Qarşı Avropa Komitəsi kimi qurumların müstəqil nəzarət mexanizmlərinə yönəldəcəyini vurğulayaraq, Avropa İnsan Hüquqları Məhkəməsində aparılan islahatlara önəm veriləcəyini bildirib.

Avropa İttifaqının Avropa İnsan Hüquqları Konvensiyasına qoşulması prosesinin sürətləndirilməsi də digər vacib məsələ kimi Türkiyənin prioritetləri sırasındadır. Eyni zamanda, Avropanın çox mədəniyyətli bir məkan olmasını nəzərə alaraq, Türkiyə Avropada gedən aktual problemlərlə mübarizə aparmaq üçün mədəniyyətlərarası dialoqun gücləndirilməsinə böyük önəm verəcək.

Xatırladaq ki, bu gün AŞNK sədrliyini qəbul edən Türkiyə 2011-ci ilin mayına kimi bu vəzifəni icra edəcək.

AŞNK-ya sədrlik 6 aydan bir dəyişir, sədrlik quruma üzv ölkələrə əlifba sırası ilə keçir. AŞNK-nin növbəti 121-ci sessiyası 2011-ci ilin mayın 11-də İstanbulda keçiriləcək, quruma sədrlik Türkiyədən Ukraynaya ötürüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 686

Oxşar yazılar