BAXCP seçkilərin nəticələrini tanıdı
10 noyabr 2010 18:15 (UTC +04:00)

BAXCP seçkilərin nəticələrini tanıdı

Bunu APA-ya açıqlamasında BAXCP sədri Qüdrət Həsənquliyev deyib.

“Biz, ATƏT, Avropa Şurası və Avropa Birliyinin müşahidə missiyasının parlament seçkilərinin nəticələrinə dair yaydıqları hesabatı dəstəkləyirik. Eyni zamanda Xarici İşlər Nazirliyinin seçki məntəqələrinin 10 faizində baş vermiş qanun pozuntularının Mərkəzi Seçki Komissiyası və digər dövlət qurumları tərəfindən araşdırılaraq obyektiv hüquqi qiymət veriləcəyi barədə bəyanatının, o cümlədən hökumətin növbəti seçkilərin daha şəffaf və demokratik şəraitdə keçiriləcəyi barədə vədlərinin gerçəkləşəcəyinə ümid bəsləyirik. Partiya olaraq, Azərbaycan hökumətini bu addımları həyata keçirməyə çağırırıq”-deyə, partiya sədri bildirib.

BAXCP-nin seçkilərin nəticələrini tanıdığını deyən Q. Həsənquliyev bütün siyasi partiyaları seçkilərin nəticələrini tanımağa və parlamentin legitimliyini şübhə altına almamağa çağırıb: “Çünki cəmiyyətin ayrı-ayrı qruplarının, yaxud bir sıra siyasi partiyaların parlamentin legitimliyini tanıyıb tanımamaqlarından asılı olmayaraq, onlar da hamı kimi Milli Məclisin qəbul etdiyi qanunlarla yaşayacaq və fəaliyyət göstərəcəklər”.

ABŞ Dövlət Departamentinin Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələrilə bağlı açıqlamasının ATƏT, Avropa Birliyi və Avropa Şurasının müşahidə missiyasının hesabatından fərqləndiyini deyən BAXCP sədri ABŞ-ın Azərbaycana bu günədək səfir təyin edilməməsi bu dövlətin ölkəmizə olan münasibətini tam çılpaqlığı ilə ortaya qoyduğunu bildirib: “Azərbaycanda hamı yaxşı anlayır ki, ABŞ-ın hansısa senatorun səfir təyinatına maneə yaratdığını əsas gətirərək, ölkəmizdəki diplomatik missiyasına rəhbər təyin etməməsi hansı məqamlardan və maraqlardan qaynaqlanır. Bütün bu manevrlər gülünc təsir bağışlayır və Azərbaycana qarşı dost olmayan bir münasibəti nümayiş etdirir. Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti isə başa düşür ki, bu münasibətlərin bünövrəsində nə dayanır - Barak Obama İlham Əliyevin Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı prinsipial mövqeyini, Azərbaycan prezidentinin məhz bu məsələ ilə bağlı İstanbula səfərdən imtina etməsini həzm edə bilmir. Əsl həqiqət budur və Azərbaycan xalqı baş verənlərin fərqindədir. Bu baxımdan da hesab edirəm ki, Azərbaycan prezidenti İlham Əliyevin məhz Dağlıq Qarabağ məsələsində tutduğu prinsipal mövqe onun liderlik etdiyi partiyanın son seçkilərdə qələbə qazanmasında birbaşa və həlledici rol oynayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 665

Oxşar yazılar