Milli Məclisin yeni tərkibdə ilk iclası noyabrın sonu, dekabrın əvvəllərində keçiriləcək
10 noyabr 2010 16:33 (UTC +04:00)

Milli Məclisin yeni tərkibdə ilk iclası noyabrın sonu, dekabrın əvvəllərində keçiriləcək

Bu barədə APA-ya MM-dən məlumat verilib.

Məlumatda bildirilib ki, hələ Mərkəzi Seçki Komissiyası (MSK) DSK-ların protokollarını onlara əlavə edilən sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim etmədiyindən və Konstitusiya Məhkəməsi tərəfindən seçkilərin yekun nəticəsi təsdiq olunmadığından, parlamentin yeni tərkibdə ilk iclasının nə vaxt keçiriləcəyi dəqiq bilinmir: “Bununla belə, iclasın noyabrın sonu, dekabrın əvvəlində keçiriləcəyi dəqiqdir”.

Milli Məclisin daxili Nizamnaməsinə əsasən, parlamentin yeni tərkibdə ilk iclasını qurumun ən yaşlı üzvü açır, iclasa sədrliyi o edir (Milli Məclisin yeni tərkibinin ən yaşlı üzvü akademik Cəlal Əliyevdir). Daha sonra isə gizli səsvermə yolu ilə parlamentin yeni sədri seçilir. Yeni sədr üç nəfəri vitse-spiker postuna (onlardan biri birinci vitse-spiker olmaqla) təklif edir və məsələ səsverməyə çıxarılır. Daha sonra həmin qayda ilə komitə sədrləri seçilir.

Qeyd edək ki, MSK noyabrın 30-dək seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi isə 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxlayacaq (yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər). DSK-ların protokolları Seçki Məcəlləsinin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edəcək (Konstitusiya Məhkəməsinin bu qərarı qəti sayılır). Yalnız bundan sonra Milli Məclisin yeni tərkibdə iclası keçirilə bilər.

4-cü Çağırış Milli Məclisə seçkilər bu il noyabrın 7-də keçirilib. Milli Məclisin hazırkı tərkibi isə 2005-ci ildə seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 736

Oxşar yazılar