“Seçki prosesi öz şəffaflığı ilə yadda qaldı”
07 noyabr 2010 21:55 (UTC +04:00)

“Seçki prosesi öz şəffaflığı ilə yadda qaldı”

APA-nın xəbərinə görə, bu sözləri 7 noyabr parlament seçkilərinin yekunlarına həsr olunmuş mətbuat konfransında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, bu seçkilər həm demokratiyanın, həm də seçki praktikasının inkişafında əhəmiyyətli mərhələ hesab oluna bilər: “Yüksək fəallıq şəraitində keçirilən seçkilərdə öz proqramını, platformasını nümayiş etdirən namizədlər səs əldə ediblər. Seçkilərin keçirilməsi üçün zəruri şərait yaradılıb. Bütün siyasi partiyalara və seçkidə iştirak etmək istəyən vətəndaşlara şərait yaradılıb”.

YAP rəsmisi qeyd edib ki, 23 siyasi partiyanın iştirakı seçkiyə olan siyasi marağın ifadəsidir və eyni zamanda partiyalar səviyyəsində marağı ifadə edir: “Müxalifət partiyalarından seçkilərə qatılan namizədlərin sayı YAP-dan seçkiyə qatılanlardan çoxdur. Bu da siyasi partiyalar üçün zəruri şəraitin yaradıldığını göstərir. Bu seçkilərdə namizədlərə verilən pulsuz efir vaxtının ümumi həcmi bu günədək seçkilərdə verilən efir vaxtından çox olub. Bütövlükdə pulsuz efir vaxtından istifadə onu göstərdi ki, namizədlər çox zaman bu vaxtdan platformalarını təqdim etmək üçün istifadə etmir, sui-istifadəyə yol verirdilər. Bir çox hallarda müxalifət partiyaları sui-istifadəyə daha çox yol verirdilər. Seçki çıxışlarında təhqiramiz ifadələrin işlədilməsi, sui-istifadə halları müxalifət namizədlərinin zəifliyini göstərdi”.

Ə.Əhmədovun sözlərinə görə, seçkiləri 50 mindən artıq müşahidəçi izləyib: “Hər bir namizədin seçki prosesini ən azı 2 müşahidəçi müşahidə edib. Səsvermənin nəticələri ciddi şəkildə Azərbaycan seçicilərinin iradəsinin ifadəsinə şərait yaradıb. Seçki prosesi öz şəffaflığı ilə yadda qaldı. Eyni zamanda seçkiyə qoşulmuş bəzi siyasi partiyalar təşviqatda sui-istifadəyə yol verdikləri kimi, səsvermə zamanı da qanun pozuntularına yol verməyə cəhdlər ediblər. YAP müşahidəçilərinin müşahidələri və verdikləri məlumatlarda bəzi müxalifət namizədləri tərəfindən qanun pozuntularına yol verilməsi cəhdləri görünür. 22 saylı dairənin 19 saylı məntəqəsində Pənah Hüseyn seçicilərə təsir göstərməyə çalışıb. 15 saylı dairədə İsa Qəmbərin nümayəndəsi Tural Abbaslı, 31 saylı dairədə Əli Kərimlinin adamları səsverməyə təsir göstərməyə çalışıblar. Gedişat onu göstərir ki, bəzi müxalifət nümayəndələri səsverməni pozmağa cəhdlər göstəriblər”.

YAP icra katibi beynəlxalq mətbuatı Azərbaycandakı seçki prosesini obyektiv işıqlandırmağa çağırıb: “Səslərin sayılması çoxlu sayda insanların gözü qarşısında baş verir. Mən təəssüf hissi ilə qeyd edirəm ki, bəzi beynəlxalq mətbu orqanlarda seçki prosesinin işıqlandırılmasında ciddi ayrı-seçkilik müşahidə olunur. Belə təəssürat yaranır ki, onlar seçki prosesini başqa fonda işıqlandırmaq istəyirlər. Bəzi xarici mətbu orqanlarda Azərbaycandakı seçki prosesinə ciddi və qərəzli mövqe nümayiş etdirilir. Bunlar seçkiləri obyektiv işıqlandırmaq niyyətində olsaydılar, müxalifət mətbuatından götürdükləri məlumatları dəqiqləşdirər, mövqeləri öyrənib öz səhifələrində əks etdirərdilər. Onların yerləşdirdiyi məlumatlar müxalifət mətbuatında yer alan və ya onların liderlərinin dilindən səsləndirilən məlumatlardır. Mən buna böyük təəssüf edirəm. Azərbaycandakı prosesləri bir sıra hallarda təhrif edən mətbuatın seçki prosesini bu şəkildə təhrif etməsi Azərbaycana qarşı çirkli niyyətlərdən xəbər verir. Bəzi xarici mətbu orqanlar seçkilərlə bağlı xoşagəlməz fikir formalaşdırmağa çalışırlar. Necə ola bilər ki, bu mətbuatın səhifələrində Əli Kərimlinin, İsa Qəmbərin dediklərinə yer var, amma Azərbaycanda seçkiyə qatılan digər adamlara yer yoxdur? Hakimiyyət partiyasının mövqeyi niyə işıqlandırılmır? Mən hesab edirəm ki, Azərbaycan cəmiyyəti buna öz mövqeyini bildirməlidir”.

Daha sonra Ə.Əhmədov “Azadlıq” radiosunun fəaliyyətini tənqid edib: “Bu radionun saytına baxan elə düşünər ki, Azərbaycanda insanlar acından ölür, müharibədir, insanlar bir-birini qırırlar. Təəssüf edirəm ki, dəfələrlə bu radionun saytında gedən müzakirələrdə bizim nümayəndələr iştirak etmək istəyiblər, sayt mesajları qəbul edib, amma yayımlamayıb. Nə qədər fikir göndərilib, müzakirələrə münasibət bildirilib, bir dəfə də bizim fikirlər yayımlanmayıb. Necə ola bilər ki, saytda bir məsələyə 50 rəy bildirilib, onun hamısı da Azərbaycanın əleyhinədir? Bizim cavan uşaqlar var, forumlarda iştirak edir, müzakirələrə münasibət bildirirlər, amma onların fikirləri yayımlanmır. Filankəsin pulu ilə fəaliyyət göstərən sayt Azərbaycanı bütün dünyada biabır etməyə çalışır. Buna demokratiyamı demək olar? Ora heç kim mesaj-zad göndərmir. Özünüz bilirsiniz ora mesaj yazan kimdir. O saytın işçiləridir. Sonra da deyirlər niyə bizimlə əməkdaşlıq etmirsiniz. Mən hesab edirəm ki, buna biz hamımız münasibət bildirməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535

Oxşar yazılar