Ermənistanın mövqeyi BMT-də narazılıq yaradıb
05 noyabr 2010 12:41 (UTC +04:00)

Ermənistanın mövqeyi BMT-də narazılıq yaradıb

APA-nın məlumatına görə, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyindən AzərTAc-a bildiriblər ki, noyabrın 1-də və 3-də qurumun Baş Məclisinin sosial, humanitar və mədəni məsələlər üzrə komitəsində “Xalqların öz müqəddəratını təyinetmə hüququ” üzrə müzakirələr keçirilib. Müzakirələrdə, Azərbaycan da daxil olmaqla, 37 üzv dövlətin nümayəndəsi çıxış edib.

Çıxışların əksəriyyətində xalqların öz müqəddəratını təyinetmə hüququnun yalnız müstəmləkə ərazilərinə, xarici hərbi işğal, əsarət və istibdad altında olan xalqlara şamil edilməsi qeyd olunub.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavini Tofiq Musayev çıxışında bu hüququn qeyri-düzgün və kobud təfsiri hallarına yol verildiyini qeyd edib. Toğrul Musayev bunun bariz nümunəsi kimi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını vurğulayıb. Diplomat beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılması baxımından beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasının vacibliyini bildirib. Çıxış edən üzv dövlətlərin nümayəndələri sırasında xalqların öz müqəddəratını təyinetmə hüququnu birtərəfli ayrılma kimi təfsir edən yeganə dövlət Ermənistan olub. Azərbaycana qarşı ərazi iddialarına haqq qazandıran Ermənistan nümayəndəsi öz ölkəsinin növbəti dəfə BMT-nin Nizamnaməsinə və beynəlxalq hüquqa qarşı açıq-aşkar hörmətsizliyini nümayiş etdirib. Bu cür təcavüzkar və qeyri-konstruktiv mövqe üzv dövlətlərin haqlı narazılığına səbəb olub.

Buna cavab olaraq Azərbaycan nümayəndəsi Ermənistanın iddia etdiyi “öz müqəddəratını təyinetmə hüququ”nun BMT-nin Təhlükəsizlik Şurası və Baş Məclisi, eləcə də digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı qanunsuz güc tətbiq etmək kimi qiymətləndirildiyini xüsusi vurğulayıb. Toğrul Musayev deyib ki, Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistan Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal edib, azərbaycanlılara qarşı kütləvi şəkildə etnik təmizləmə həyata keçirmiş və Azərbaycan ərazisində qondarma separatçı qurum təsis edib: “Beynəlxalq miqyasda bu qurumun qeyri-qanuni şəkildə fəaliyyət göstərməsi ilə bağlı dəfələrlə bəyanatlar səsləndirilib. Hazırda heç bir dövlət bu separatçı qurumun müstəqilliyini tanımır. Biz hesab edirik ki, Ermənistanın mövqeyi münaqişənin həlli prosesinə açıq-aşkar maneə yaratmaqla yanaşı, beynəlxalq və regional sülh və təhlükəsizliyə başlıca təhdiddir”.

Toğrul Musayev bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, beləliklə də insanlıq əleyhinə cinayətlər, hətta soyqırımı törətməsi beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır: “Davamlı sülh və sabitliyin bərqərar edilməsi üçün Ermənistan Azərbaycan torpaqlarının qeyri-qanuni işğalına tezliklə son qoymalı, etnik düşmənçilik siyasətindən və qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməli və region dövlətləri ilə sivil əlaqələr qurmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648

Oxşar yazılar