Əli Abbasov Türkiyədə olub
04 noyabr 2010 16:26 (UTC +04:00)

Əli Abbasov Türkiyədə olub

Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Türkiyə Respublikasının nəqliyyat və rabitə naziri Binali Yıldırımın dəvəti ilə Beynəlxalq Layihə İdarəetmə Assosiasiyasının (BLİA) noyabrın 1-3-də İstanbul şəhərində keçirilmiş 24-cü Ümumdünya Konqresinin açılış mərasimində iştirak edib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, BLİA 1965-ci ildə əsası qoyulmuş və dünyanın 50-dən çox ölkəsinin 40 mindən çox üzvünü özündə birləşdirən beynəlxalq assosiasiyadır.


Təşkilatın əsas funksiyası həyata keçirilən beynəlxalq və regional əhəmiyyətli layihələrin idarə edilməsinə köməklik göstərmək və beynəlxalq səviyyədə tanıtmaqdan ibarətdir. Tədbirdə iştirak edən baş nazir Rəcəb Təyyub Ərdoğan son illər Türkiyənin iqtisadi cəhətdən inkişafı ilə əlaqədar nüfuzunun artdığını qeyd edib və bu işdə ölkədə həyata keçirilən böyük layihələrin mühüm rol oynadığını bildirib. Bakı-Tbilisi-Ceyhan neft boru xətti kimi nəhəng layihənin idarə edilməsinin əhəmiyyətini xüsusi vurğulayan baş nazir ölkəsində həyata keçirilən digər qlobal və regional layihələr barədə də ətraflı danışıb.


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov açılış mərasimində çıxış edərək Azərbaycanda həyata keçirilən nəhəng layihələr, xüsusən “Transmilli Avrasiya Super İnformasiya Magistralı” (TASİM), “Regional İnnovasiya Zonası” (RİZ) və “AzerSpace” kimi qlobal və regional layihələr barədə konqres iştirakçılarına ətraflı məlumat verib.


Bundan əlavə, Əli Abbasov və Binəli Yıldırım ikitərəfli görüş keçirib, tədbir çərçivəsində konqresin təşkilatçıları tərəfindən təşkil edilən sərginin açılışına qatılıb, eləcədə Türkiyənin nəqliyyat və rabitə sahəsində fəaliyyət göstərən dövlət və özəl şirkətlərin nümayiş etdirdikləri stendlərə baxıb. Nazir səfər çərçivəsində BLİA-nın İdarə Heyətinin sədri Mayls Şepardla, həmçinin “Türktelekom”, “Türksell”, “Karel” və Türkiyənin digər aparıcı telekommunikasiya və informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə görüşüb.


Səfər çərçivəsində Türkiyənin “TRT Türk” televiziya kanalı Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sektorunda son illər aparılan islahatlara, həyata keçirilən layihələrə maraq göstərərək nazir Əli Abbasovdan müsahibə götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708

Oxşar yazılar