Berlində “Ağdam Qafqaz Xirosiması və ruhlar şəhəri” sərgisi keçirildi
30 oktyabr 2010 16:50 (UTC +04:00)

Berlində “Ağdam Qafqaz Xirosiması və ruhlar şəhəri” sərgisi keçirildi

Sərginin açılışında çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Ermənistanın Azərbaycana təcavüzündən danışıb. O qeyd edib ki, BMT-nin torpaqların dərhal azad edilməsi barədə 4 qətnaməsinə baxmayaraq 17 ildir Azərbaycan ərazilərinin beşdə biri işğaldadır.

Sərginin təşkilatçısı “İnam” Plüralizm Mərkəzinin sədri Vahid Qazi doğulub boya-başa Ağdamın Yer üzündən silinib xarabazarlığa çevrilməsinin onun kimi minlərlə insanın həyatına təsirindən, talelərdəki acı fəsadlarından danışıb. “Qarabağ Azərbaycanın mədəniyyət mərkəzidir, xalqın mənəvi tarixinin bir parçasıdır, onun tənəffüs orqanıdır. Almaniyanı Bavariyasız, Fransanı Normandiyasız təsəvvür etmək mümkün olmadığı kimi Azərbaycanı da Qarabağsız təsəvvür etmək olmaz. Avropa kommunizmin dəmir divarları ilə ikiyə bölünəndə Papa II İohan Pavel bu məşhur sözləri demişdi: “Avropa hər iki ciyəri ilə nəfəs almalıdır!”. Bu gün Azərbaycan da o dövrün Avropası kimi tək ciyərlə nəfəs alır” - deyən” V. Qazi sonda iştirakçıların çoxsaylı suallarına cavab verib.

Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə keçirilən sərgidə Ağdamın işğaldan əvvəl və işğaldan sonrakı mənzərələri əks olunan 60 foto, onun indiki durumunu Xirosimanın atom partlayışından sonrakı vəziyyətinə oxşadan xarici jurnalistlərdən sitatlar yazılmış plakatlar nümayiş etdirilib, Ağdamın dünəni və bu günündən bəhs edən buklet paylanıb. Sərgi zamanı alman tamaşaçılara “Qafqaz Xirosiması” filmi təqdim olunub.

Sərgiyə qatılan müxtəlif təşkilat nümayəndələri fotoların Almaniyanın digər şəhərlərində də nümayiş olunması təşəbbüsü ilə çıxış ediblər. Sərginin Ştutqart və digər şəhərlərdə keçirilməsi qərar alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 589

Oxşar yazılar