Azərbaycan və Meksika arasında əməkdaşlıq memorandumu imzalanacaq
26 oktyabr 2010 13:12 (UTC +04:00)

Azərbaycan və Meksika arasında əməkdaşlıq memorandumu imzalanacaq

Oktyabrın 19-dan 25-dək gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Meksikanın Akapulko şəhərində keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının XVII Assambleyasında iştirak etmək üçün bu ölkədə səfərdə olublar.

Azərbaycanın Meksikadakı səfirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Assambleyanın açılışında Meksika Prezidenti Felipe Kalderon İnoxosa iştirak edib.

Tədbir çərçivəsində əsasən Rusiyanın Soçi şəhərində keçiriləcək Qış Olimpiya Oyunları, 2012 və 2016-cı illərdə keçiriləcək Yay Olimpiya Oyunlarının təşkilati məsələləri, o cümlədən cari ildə Sinqapurda keçirilmiş Gənclərin Yay Olimpiya Oyunlarına dair hesabat dinlənilib. 2018-ci ildə keçiriləcək növbəti Qış Olimpiya Oyunlarının təşkilati məsələləri və irəli sürülmüş namizədlər (Almaniya – Münxen, Fransa – Ansi, Pheçhan – Cənubi Koreya) nəzərdən keçirilib. Assambleyanın toplantıları zamanı qadın idmanının inkişafı və qadın idmançıların inzibati vəzifələrə cəlb edilməsi kimi məsələlər də müzakirə edilib.

Qeyd etmək lazımdır ki, Milli Olimpiya Komitələrinin Assambleyasında, ilk dəfə olaraq beynəlxalq gənclər siyasəti və milli idman sahələrinin inkişafına təkan vermək məqsədi ilə nazirliklər və Beynəlxalq Olimpiya Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Azad Rəhimov Assambleya çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roq, Olimpiya Oyunlarının direktoru Cilbert Felli, o cümlədən Əlcəzair və Səudiyyə Ərəbistanı Krallığının gənclər və idman nazirləri ilə ikitərəfli görüşlər keçirib. Aparılmış müzakirələr zamanı idman və gənclər siyasəti sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair qarşılıqlı maraq kəsb edən məsələlər nəzərdən keçirilib.

Assambleya çərçivəsində Rusiyanın Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovun təşəbbüsü ilə MDB və Baltik ölkələrinin Milli Olimpiya Komitələri rəhbərlərinin iştirakı ilə toplantı keçirilib. Toplantı zamanı idman sahəsində əməkdaşlıq və MDB və Baltika ölkələri çərçivəsində müvafiq koordinasiya orqanının bərpa edilməsi məsələləri müzakirə edilib.

Azad Rəhimov oktyabr ayının 25-də Mexiko şəhərində Meksikanın Bədən Tərbiyəsi və İdman Komitəsinin baş direktoru Bernardo de La Garza ilə görüşüb. Görüş zamanı ölkələrimiz arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlıq perspektivləri, qarşılıqlı tələbə mübadiləsi, dostluq yarışlarının, həmçinin müxtəlif idman növləri üzrə milli yığma komandaların birgə məşq toplantılarının təşkili kimi məsələlər müzakirə edilib. Azərbaycanın dünya miqyasında idman ölkəsi kimi tanındığı və bir sıra idman növlərinin xüsusən inkişaf etdiyini vurğulayan Azad Rəhimov əsasən milli idman növü sayılan güləş, o cümlədən boks, dzüdo sahələrində idmançılarımızın uğurlarını qeyd edib və ölkəmizin bu istiqamətdə Meksika ilə təcrübə mübadiləsi və əməkdaşlığa hazır olduğunu bildirib.

Tərəflər idman və gənclər siyasəti sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə anlaşma memorandumun imzalanması üçün müvafiq danışıqların başlanmasını məqsədəuyğun hesab edilib. Görüşdə Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590

Oxşar yazılar