“Münaqişənin həlli üçün “yol xəritəsi” tələb olunur”
23 oktyabr 2010 15:11 (UTC +04:00)

“Münaqişənin həlli üçün “yol xəritəsi” tələb olunur”

Denis Sammut Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 27-də keçiriləcək görüşünü müsbət qiymətləndirir.


D. Sammut APA-ya açıqlamasında bildirib ki, son vaxtlar danışıqlar prosesində aktivliyin tədricən zəifləməsi müşahidə olunur: “Həm Azərbaycan, həm Ermənistan, habelə beynəlxalq ictimaiyyətdə Dağlıq Qarabağ məsələsi üzrə son iki ildə ciddi tərəqqinin əldə olunmaması ilə bağlı müəyyən təəssüflənmə var. Artıq danışıqlar prosesinin dayandığı fikri yaranıb. Bəlkə də buna səbəb Minsk Qrupunun həmsədrlərinin dəyişməsi olub. Fikrimcə, danışıqlar prosesini aktivləşdirmək vaxtı çatıb”.


D. Sammut bu baxımdan üç dövlət başçısının qarşıdakı görüşünü müsbət qiymətləndirir. O, eyni zamanda bildirib ki, son iki ildə bu formatda keçirilən görüşlər hələ də ciddi nəticə verməyib. Münaqişənin həlli üçün isə növbəti bəyannamə deyil, “yol xəritəsi” tələb olunur: “Bir neçə oxşar görüş 2008-2009-cu illərdə keçirilsə də, bu günədək uğur qazanılmayıb. Lakin mən əvvəlki kimi hesab edirəm ki, “yol xəritəsi”nin hazırlanmasını nəzərdə tutan danışıqların növbəti mərhələsinə keçid üçün əsas var. Bu da öz növbəsində münaqişənin həlli üçün tələb olunan növbəti addımları müəyyənləşdirməyə imkan verəcək. Lakin bu, konkret addımlar olmalıdır, bizə növbəti bəyannamə lazım deyil. Münaqişəyə cəlb olunmuş və ondan zərərçəkmiş insanlar prosesdə konkret dəyişikliklər görmək istəyirlər”.


Qeyd edək ki, “LİNKS” təşkilatı artıq uzun illərdir, həlli uzanmış münaqişələr, o cümlədən Dağlıq Qarabağ məsələsi üzrə tərəflərin yaxınlaşması istiqamətində fəaliyyət göstərir. D. Sammutun sözlərinə görə, tərəflər arasında bu cür dialoq çox vacibdir. O, son bir neçə ay ərzində Azərbaycan və Ermənistanın siyasi partiyalarının nümayəndələri ilə 66 görüş keçirdiyini deyib. Yaxın vaxtlarda təşkilat bu görüşlərin yekunu ilə bağlı xüsusi hesabat hazırlayacaq. Gələcəkdə isə hər iki ölkənin siyasi partiyalarının təmsilçilərinin iştirakı ilə görüşlərin keçirilməsi planlaşdırılır: “Münaqişənin nizamlanması üzrə danışıqlar prosesi davam edir. Prezidentlər danışıqlar davam etdirdiyi vaxt digər səviyyələrdə də - ictimaiyyət və siyasətçilər səviyyəsində da dialoq qurmaq lazımdır. Gələn il bu istiqamətdə fəaliyyətimizi davam etdirməyi planlaşdırırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494

Oxşar yazılar