İsrailin baş ravvini Azərbaycan üçün dua edib
05 oktyabr 2010 15:57 (UTC +04:00)

İsrailin baş ravvini Azərbaycan üçün dua edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ölkəmizdə səfərdə olan İsrailin baş ravvini Şloma Omar, Rusiya Federasiyasının baş ravvini Berl Lazar və onları müşayiət edən şəxsləri qəbul edib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Hidayət Orucov deyib ki, Azərbaycanın öz müstəqilliyinin yenidən bərpasında, Qarabağın azadlığı uğrunda döyüşlərdə yəhudi vətəndaşlarımız düşmənlə mübarizədə qəhrəmanlıqlar nümayiş etdiriblər və yəhudi əsilli Azərbaycan oğlu Albert Aqoronov Azərbaycan Respublikasının Milli Qəhrəmanıdır.

İsrailin baş ravvini Şloma Omar bildirib ki, Azərbaycan o ölkələrdəndir ki, burada yəhudilər yəhudi olmaqları ilə fəxr edirlər: “Çünki müasir dövrümüzdə də yəhudilərə qarşı sərt mövqe tutan ölkələr və millətlər var. Azərbaycanın təcrübəsi isə başqa ölkələrə örnək ola bilər. Biz bunu dövlət siyasəti və millətinizin mənəvi zənginliyi kimi yüksək dəyərləndiririk. Uca Yaradana ölkənizə yeni-yeni uğurlar bəxş etməsi, heç bir düşmən qüvvənin Azərbaycana mane ola bilməməsi üçün dua edirəm.”


Görüşdə çıxış edən Rusiya Federasiyasının baş ravvini Berl Lazar və başqaları qeyd ediblər ki, əhalisinin böyük əksəriyyəti İslam dininə etiqad edən Azərbaycanda yəhudilərə həmişə yaxşı münasibət bəslənilib, müxtəlif yəhudi dini icmaları heç vaxt burada anti-semitizm hiss etməyiblər.

Quba rayonundakı Qırmızı qəsəbənin keçmişi və bu günü nümunəsində xalqların dinc, yanaşı yaşamaq ənənəsinə, Azərbaycan-İsrail münasibətlərindəki mənəvi dəyərlərin genişləndirilməsi perspektivlərinə inamla baxdığını söyləyən Hidayət Orucov həm Yaxın Şərq, həm də Qafqazda tezliklə əmin-amanlığın bərqərar olmasını arzu edib.
# 578

Oxşar yazılar