Rusiya ali məktəbi Xankəndidəki universitetlə əməkdaşlıq edir
28 sentyabr 2010 17:22 (UTC +04:00)

Rusiya ali məktəbi Xankəndidəki universitetlə əməkdaşlıq edir

Rusiyanın Rostov şəhərində fəaliyyət göstərən Cənub Federal Universitetinin Humanitar və Sosial Elmlər üzrə Müəllimlərin Yenidən Hazırlanması və Təkmilləşdirilməsi İnstitutu ilə Azərbaycanın erməni işğalı altında olan Xankəndindi şəhərində fəaliyyət göstərən Mesrop Maştots adına Universitet arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Buna münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov APA-ya bildirib ki, artıq Azərbaycanın Rusiyadakı səfirliyinə bu məlumatın həqiqətə uyğun olub-olmadığını araşdırmaq barədə tapşırıq verilib: “Azərbaycan tərəfinin razılığı olmadan Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində aparılan istənilən fəaliyyət qeyri-qanuni hesab edilir”.


Cənub Federal Universitetinin Humanitar və Sosial Elmlər üzrə Müəllimlərin Yenidən Hazırlanması və Təkmilləşdirilməsi İnstitutunun direktoru Yuri Volkov isə APA-ya bildirib ki, müqavilə Rostov şəhərində keçirilən “Qafqaz bizim ümumi evimizdir” adlı beynəlxalq elmi-praktiki konfrans çərçivəsində imzalanıb: “Biz konfransa Bakı Dövlət Universitetini, Tiflis universitetini və digər təhsil ocaqlarını da dəvət etmişdik. Stepanakertdən konfransda iştirak etmək üçün 2 nəfər gəlmişdi. Onlar bizim tədris planımızla tanış oldular, bizdən dərslik istədilər və razılığa gəldik ki, dərslik mübadiləsi aparaq. Bu fəaliyyət siyasətdən kənardır, təhsil müəssisəsi siyasətlə məşğul ola bilməz. Biz Stepanakert universiteti ilə müqavilə bağlamışıq, həmin sənəddə heç Dağlıq Qarabağ sözü belə yoxdur. Professorlar bizdən dərslik istədilər, biz də razılaşdıq, imzalanmış sənəddə hansısa başqa mahiyyət yoxdur”.


“Bu sənədin imzalanması üçün Rusiya Təhsil və Elm Nazirliyinin razılığı olubmu” sualını cavablandıran direktor deyib ki, buna ehtiyac da olmayıb: “Mən institutun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Dyujikovla məsləhətləşdim, o buna razılıq verdi və biz iki ali təhsil ocağı arasında əməkdaşlıq haqqında müqavilə imzaladıq. Burada hansısa siyasi fəaliyyətdən söhbət getmir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1043

Oxşar yazılar