“Pilotsuz uçuş aparatlarının və silahlı pilotsuz uçuş aparatlarının Azərbaycan Ordusunun arsenalına daxil edilməsi çox böyük fərq yaratdı. Türkiyə istehsalı olan silahlı pilotsuz uçuş aparatları çox müasir, çağdaş texnologiyalar əsasında yaradılmış silah növüdür və dünyada cəmi bir neçə ölkə var ki, belə imkanlara malikdir. Bu da Türkiyənin həm texnoloji, həm iqtisadi, həm intellektual potensialının təzahürüdür”.
APA xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri CNN-Türk televiziyasına müsahibəsində aparıcının sualını cavablandırarkən səsləndirib.
“Əlbəttə ki, belə imkanların bizdə olması işimizi asanlaşdırır və insanlarımızın, əsgərlərimizin həyatını xilas edir. Çünki onlar olmasaydı, havadan vurulan həmin tankları, topları və digər erməni texnikasını biz gərək yerdən vuraydıq. O da çox böyük insan itkisinə gətirib çıxara bilərdi. Bu aparatlar insan itkisinin yüksək rəqəmlərlə ölçülməməsi üçün bizə böyük üstünlük verir. Eyni zamanda, onların texnologiyası mükəmməldir”, - deyə dövlətimizin başçısı bildirib.