şəhid Talıbov Təbriz
26 iyul 2021 20:15 (UTC +04:00)

şəhid Talıbov Təbriz

"Mənim ad günümdə onun ölüm xəbəri gəldi" - ŞƏHİD ƏMANƏTİ

Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.

Layihəmizin növbəti yazısı şəhid Talıbov Təbriz Məhərrəməli oğluna həsr olunub.

Talıbov Təbriz Məhərrəməli oğlu 11 iyun 1994-cü ildə Lerik rayonunun Ləkər kəndində anadan olub. 2000-2011-ci illərdə Siyov kənd tam orta məktəbində təhsil alıb. 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanan Təbriz əsgərlik dövründə özünün intizamı və hərb sənətinə marağı ilə seçilir. 2014-cü ildə tərxis olunsa da bir neçə aydan sonra Dövlət Sərhəd Xidməti sıralarında xidmətə qəbul olunmaq üçün müraciət edir. Təbriz 2015-ci ilin sentyabr ayında Dövlət Sərhəd Xidmətinin sıralarına qəbul olunur və Çevik Hərəkət Briqadasında sürücü-mexanik kimi xidmətə başlayır. 

Sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən Təbriz Çevik Hərəkət Bölüyünün tərkibində ön cəbhəyə yollanır. Onun döyüş yolu Cəbrayıl və Zəngilan rayonlarından keçir. Bir sıra düşmən hədəflərini məhv edən Təbriz döyüş yoldaşları ilə birlikdə 2020-ci il oktyabrın 22-də Zəngilan rayonu ərazisində Sığırd yüksəkliyinin azad olunması uğrunda gedən döyüşlərdə iki saat ərzində düşmənlə mətanətlə vuruşaraq yoldaşlarının pusqudan çıxmasına şərait yaradan Təbriz qəhrəmancasına şəhid olur. 2020-ci il oktyabrın 29-da Lerik rayonu Ləkər kəndində dəfn edilib.

Kiçik gizir Talıbov Təbriz Məhərrəməli oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

şəhid Talıbov Təbriz 

Dağlar...

Kəndə çatandan bir neçə saat sonra yaxınlıqdakı dağlardan kəndə tərəf sürünən ağappaq dumanın gətirdiyi sərinlik o qədər xoş təsir edir ki, yıxılıb yatmaqdan başqa çarəmiz qalmır. Qonşuluqda qurulan toy mağarında ucalan musiqi səsi ilə ətrafdakı uşaqların səs-küylə dərə boyu qaçışması bir olur. Həyətə çıxıb boylanıram. Bir dəstə qız-gəlinin əllərində bərbəzəkli xonçalar toya getdiklərini öyrənirəm. Evə girib mətbəxin pəncərəsindən alma ağacının dibinə tökülmüş almaları dimdikləyən toyuqlara baxıram. Qarşıdakı evin çəpərinin dibindən ağ saçlı, balaca bir qadın diqqətlə mənə baxır: 

- Xoş gəlmisən, ay qızım, sən niyə gəlinlərə qoşulub toya getmədin?

- Təzə gəlmişik hələ, bir azdan gedərik. 

Qəfildən maraq məni bürüyür. Uşaqdan böyüyə az qala bütün kəndin axışdığı toya bu qadının getməməsi təəccübümə səbəb olur:

- Siz niyə getməmisiniz bəs?

- Mən gedə bilmərəm – deyir və hüznlə başını aşağı salır.

Təəccübüm bir az da çoxalır:

- Niyə gedə bilmirsiniz, dəvət etməyiblər?

- Yox, mənim balam. Mənim bacım oğlu Təbriz keçən il şəhid oldu. Ona görə mən getmərəm toylara...

Kövrəlir, ağ, boyasız saçlarının üstündən sürüşüb düşən yaylığının üzərinə bir neçə göz yaşı damcılayır. 

Ağ “Niva” ilə sıldırım qayaları, sıx meşəlikləri olan əyri, dar yollardan keçdikcə içimdəki qorxu hissi bir az da böyüyür, artdıqca, artır. 20, 24, 30 evlərdən ibarət kəndlər ayaqlarımızın altında qalır. Bələdçimiz, kəndin ağsaqqalı, hər kəsin işinə təmənnasız gedən, kömək etməyə çalışan Kamil Quliyev yolboyu bizə Təbriz haqqında məlumat verir: 

- Qızım, əjdaha kimi uşaq idi. Özünün də halı-xasiyyəti qızıl idi. Heç kimlə işi olmazdı. Uşaqla uşaq, böyüklə də böyük idi. O, şəhid olanda atasına heç nə demədik, adamın ürəyi gəlmir axı. Zülm zillətlə, yetimçiliklə böyüdüb həvəslə yola salmışdılar. Çətindir, çox çətin. Amma biz fəxr edirik ki, bizim kəndlərdən belə igid oğlanlar çıxdı, kəndin, rayonun başını uca elədi. 

Söhbət əsnasında onu da öyrənirik ki, Təbrizin anası xərçəng xəstəliyindən dünyasını dəyişmiş, ona və digər bacı qardaşlarına xalası Reyhan qayğı göstərmişdir. 

şəhid Talıbov Təbriz 

Ən gözəl yaş...

Təbrizin böyüdüyü evə çatmazdan əvvəl onun uyuduğu məzarı ziyarət etmək istədiyimi bildirirəm. Kamil dayı dərhal razılaşır:

- Sağ ol, qızım, allah səni xoşbəxt eləsin. Şəhidlərin hamısı bizim balalarımızdı. Onları ziyarət etmək, yada salmaq borcumuzdur. 

Dəmir barmaqlıqlı, tuncdan tökülmüş qapını açıb Təbrizin sakit, həlim siması ilə qarşılaşırıq. Əkililərlə əhatə olunmuş gül dəstəsinin üzərinə ağ qərənfillərlə 27 rəqəmi yazılıb. İlahi, 27 rəqəmi və qara torpağın altı. Arzular, ümidlər, sevgi, həsrət hamısı indi biz üzərində dayandığımız torpağın altında Təbrizlə birgə uyuyur. Məzarlıqdan çıxıb Təbrizin atasının evinə yollanırıq. Bizi onun atası Məhərrəməli kişi və qardaşı qarşılayır. Məhərəmməli kişi məni oğlunun şəkilləri ilə əhatə olunmuş geniş bir otağa aparır. Mavi gözlərinin dərinliklərindən boylanan ağrı ilə söhbətə başlayır:

- Mənim altı övladım var. Təbriz evin 3-cü uşağı idi. O, çox ailəcanlı, ürəyitəmiz, qohumpərvər idi. Allah onu elə gözəl yaratmışdı ki, elə şəhidliyə də qismət elədi. Qonşuluqda, qohumluqda, dostlar içində hörməti idi. Hər kəs onu tərifləyirdi. 2017-ci ildə onu öz istədiyi qızla evləndirdim. İki qızı dünyaya gəldi. İndi birinin dörd, o birinin iki yaşı var. Evlənəndən sonra ailəsini də götürüb Yevlaxa getdi. Çünki hərbçi ikimi orda fəaliyyət göstərirdi. Amma ailəsi ilə birgə imkan düşəndə gəlirdi. Zəhməti sevirdi. Bura gələndə, evdə oturmazdı. Qardaşını da götürüb meşəyə gedər, ev üçün odun, ot tədarükünə kömək edərdi.

- Hərb sahəsinə yönələndə hər hansısa etirazınız olmamışdı?

- Biz hamımız bu torpaqdan əmələ gəlmişik, bu torpağa da qarışmalıyıq. Bu onun vətən borcu idi. Nəinki onun, mənim də, o biri oğlanlarımın da borcudur. Bunu yerinə yetirməliyik. Əgər mənə də hökm olunsaydı ki, müharibəyə getməliyəm, gedərdim. Vətənə xidmət onu borcu, şəhidlik isə qisməti idi. Mən onunla fəxr edirəm. O, elə bir uşaq idi ki, öz ölümündən qorxmurdu.

şəhid Talıbov Təbriz və həyat yoldaşı Günel xanım

Sevgi...

Söhbətimizin bu yerində Təbrizin həyat yoldaşı Günel xanım da gəlib bizə qoşulur. O, Təbrizlə bağlı xatirələrini bizimlə bölüşür:

Mən ondan iki yaş balaca idim. Biz eyni kənddənik. Onunla qonşuluqdakı toyların birində mehribanlaşdıq. 2016-cı ildə biz nişanlandıq. Onda mənim hələ on doqquz yaşım vardı. Təbriz çox mehriban, qəlbi, ürəyi təmiz adam idi. Mən onu sevib ərə getməmişəm, amma tanıyandan sonra onu sevmişəm. Sevinmişəm ki, nə yaxşı onunla ailə qurmuşam. Mən sizə onunla olan yazışmalarımızı göstərərəm. Biz o qədər mehriban idik ki, inanmazdıq bir-birimizdən ayrılacağımıza.

- Məhərəmməli bəy, bildiyimə görə anası çox erkən vəfat edib. Çətin olardı dörd uşağı böyütmək. 

- Anası 2005-ci ildə pis xəstəlikdən dünyasını dəyişdi. Onda uşaqların hamısı körpə idi. Sonra qardaşlarım məsləhət bildilər, elə həyat yoldaşımın bacısı ilə ailə qurdum. O, da sağ olsun mənim balalarıma yaxşı baxdı, ana kimi qayğı göstərdi. Axırıncı dəfə iyulda məzuniyyət götürüb gəlmişdi. Elə haradasa iyulun 10-da getdi. Axırıncı dəfə onda görmüşük Təbrizi. Altı il idi ki, Təbriz xidmətdə idi, amma onun ürəyi bizim yanımızda idi. İnanın, bir azca olsun belə ögeyləşməmişdi bizə qarşı. Bacılarına deyirdi dərslərinizi yaxşı oxuyun, qardaşınız sizin üçün nə lazımdırsa, edər. Sonuncu dəfə danışanda dedi ata, biz bu axşam Zəngilana gələcəyik. Elə hər dəqiqə başı deyirdi, ata, özündən muğayat ol. Axırıncı dəfə mənimlə oktyabrın 22-də gündüz vaxtı danışdı. Elə həmin gün də onu snayperlə vurmuşdular. 

Söhbətimizin bu yerində Təbrizin qardaşı Mübariz deyir ki, Təbriz özünün şəhid olacağını bilirdi. Bu barədə yaxın dostlarına və yoldaşlarına da deyib:

- Təbriz İkinci Qarabağ müharibəsindən əvvəl Aprel döyüşlərində də iştirak edib. O vaxtı döyüşlər başlananda onu da aparmışdılar. Ancaq oradan sağ-salamat qayıtdı. O, müharibə başlananda dostlarına demişdi ki, mən şəhid olacam. Ürəyimə damıb. Bunu sonralar onun dəfninə gələn dostları bizə demişdilər.

şəhid Talıbov Təbriz

Hönkürmək...

Məhərrəməli bəy deyir ki, ona oğlunun şəhid olması barədə xəbəri isə oktyabrın 28-də xəbər verirlər. Şəhid atası həmin məşum, amansız günü xatırlayır:  

- Mənə Bakıdan qardaşım uşaqları zəng vurub dedilər ki, əmi, Təbrizdən xəbərin var? Dedim yox...

Bayaqdan bütün danışdıqlarına, danışılanlara mətanətlə dözən, ağlamamağa çalışan, qəhərini boğazından geri qaytaran Məhərrəməli bəy qəfildən iradəsizləşir və hönkürtü ilə ağlayır. Elə ağlaya-ağlaya da davam edir:

- Dedilər Təbriz yaralanıb, Füzulidə xəstəxanadadır. Mənə heç nə deməmişdilər, amma onlar özləri artıq bilirmişlər ki, şəhid olub. Gizlətmişdilər məndən. Qardaşım oğlunun yaxın bir dostu vardı. Hərbçi idi. O, qardaşımın oğluna demişdi ki, əminin soyadında burda bir uşaq şəhid olub. Sonra mən indi sizi bura qədər gətirən Kamil qardaşa zəng vurdum. Onunla bir neçə nəfər qoşalaşıb getdik. Altı nəfər şəhid olmuşdu. Orda mənə dedilər ki, baxın, uşağınızı tanıyarsınız yəqin. Dedim, mən, əlli metrdən uşağımı tanıyaram. Baxan kimi də oğlumu tanıdım, dedim, bu mənim uşağımdır. 

Mən onları ağır şəkildə böyütmüşəm. Anasız uşaq saxlamaq çətindir. Hara baxmışamsa onların analarını axtaran kədərli gözlərini görmüşəm. Uşaq vaxtı tez-tez qoyunları otarmağa aparardı. Elə həmişə də deyərdi ki, ata, mən bunları çoxaltmaq istəyirəm. Şəhərdə də, kənddə də özümə bir yaxşı ev tikərəm. Bunları həmişə gülə-gülə danışardı. Bax, onun o gülümsəməsi hələ də mənim xəyalımda qalıb. 

Günel xanım da deyir ki, Təbrizlə ailə qurandan sonra onun necə yaxşı, ailəcanlı adam olduğunu daha dərindən dərk edir. Yevlaxda kirayədə qaldığı günlər isə indi onun həyatının ən gözəl xatirəsinə çevrilib:

- Təbrizin on bir yaşı olanda anası dünyasını dəyişmişdi. Onun gözlərinin dərinliyinə diqqətlə baxanda görürdün ki, onun bir hissəsi yarımçıqdır, nədənsə nisgili var. Ona görə də mən ona olan sevgimi hər cür bildirməyə çalışmışam ki, o, sevgi sarıdan korluq çəkməsin. Biz ailə quranda o, mənə demişdi ki, hərb həyatı çətindir, sən gərək hər şeyə dözəsən. Mən də razılaşmışdım. Təlimlər çox olanda bəzən Təbriz evə gələ bilmirdi, amma Yevlaxdakı qonşularımız mənə həyan olurdular. O, harada olsa da, evə gələndə, yanımızda olanda mənim üçün hər şey gözəlləşirdi, həyatın mənası, dəyəri olurdu. İndi yanımızda yoxdur, çox çətindir. 

- Qızları Təbrizə çox oxşayır...

- Elədir. Böyük qızım anadan olanda, o, çox sevinirdi. Qızımız böyüdükcə, mənə deyirdi ki, fəxr edirəm ki, qızım mənə belə çox oxşayır. Bu həm də o deməkdir ki, sən məni çox sevirsən ki, övladımız da mənə belə çox oxşayıb. 

Evimizin bazarlığını özü edirdi, evdə olmayanda isə kiməsə yaxın adamına tapşırırdı.

şəhid Talıbov Təbriz

Ölsəm məni...

Sonuncu dəfə onu sentyabrın 20-də gördüm. Onun şəkli var, sonuncu dəfə gələndə, gedəndə çəkdirmişik. Bir dörd il idi evli idik, elə bir gün olmamışdı ki, o, məni axtarmasın. Amma sentyabrın 20-nə qədər o, üç ay idi Ağstafada idi. Biz üç aydır bir-birimizi görmürdük. Elə bil sentyabrda onun gəlib on iki gün bizimlə birlikdə olması da allahın mənə son hədiyyəsi oldu. Biz onunla oktyabrın 22-nə kimi danışmışıq. 

- Sizə şəhid olacağı haqqında nə isə demişdi?

- Bəli. Mən də onun səs yazıları var. Deyirdi ki, şəhid olaram. Mən də qalırdım məəttəl. Deyirdim bəs mən nə edərəm. Deyirdi, qorxma, mən ölsəm, məni əvəz edərsən, sən ölməzsən, uşaqlarıma baxarsan. Ancaq sonra da deyirdi, Günel, mən ölsəm, sən nə edərsən? (ağlayır). Sonuncu dəfə zəng vuranda mənə dedi ki, mən böyük qızım üçün darıxmışam, şişmişəm. Son dəfə danışdığı adam mən olmuşdum. Mənim bu həyatda ən qorxduğum şey onu itirmək olmuşdu. Hiss edirdim ki, nə isə olacaq. 22-si mənimlə danışdı, ertəsi gün isə şəhid oldu. Mənim ad günümdə onun isə ölüm xəbəri gəldi.

Mən heç vaxt Yevlaxdan kəndimizə ürəklə gəlməmişəm. Demişəm birdən Təbriz gəlib evi boş görər. Amma müharibə başlayan kimi kəndə gəldim. Bəlkə də orda tək qalsaydım, onun ölüm xəbəri məni öldürə bilərdi. Onun xəbərini mənə deməmişdilər. Əvvəl atama zəng vurmuşdular. Kimsə ona dedi ki, evdən kənara çıx, onda şübhələndim. Mənə dedilər ki, Təbriz yaralıdır, inandım. Allaha nə qədər dua etdim ki, təki yaralı olsun. Sonra gördüm çadır qurulur həyətdə, hazırlıq gedir. Dedim, əgər o, yaralıdırsa, bunları niyə edirsiniz? Deyirdilər hələ bilmək olmaz. Təbrizi gecə 9-da gətirdilər. Qəribədir ki, biz həmişə kəndə onun ata evinə də həmişə axşam səkkizdə, doqquzda gəlib çatırdıq. O, son dəfə də evlərinə həmin vaxtda gəldi.  

şəhid Talıbov Təbriz ailəsi ilə

Ölməyən xəyallar...

İndi yenə də elə bilirəm ki, o, sağdır, çünki üzünü mənə göstərmədilər. Onun ölümünə yarı yarıya inanıram. Hər gün yatanda, başımı yastığa qoyanda onun xəyalı ilə yatıram ki, bəlkə sağdır. Bəlkə gələr. Bəlkə... Yəqin mən illər keçdikcə yaşlanacam, amma onunla bağlı xəyallarım, onun siması heç zaman yaşlanmaz. Təbrizdən sonra mən kirayə qaldığımız evə getdim. O evi artıq satmışdılar. Bizim ən xoş günlərimiz orda keçib. Oradan gələn əşyalarımızı görəndə çox pis oldum, ağladım (ağlayır).  

İndi mənim yeganə arzum odur ki, qızlarımı onun adına layiq böyüdüm, oxudum, ali təhsil verə bilim ki, onlar cəmiyyətə layiq insanlar olsunlar. Mən çox sevinirəm ki, onun uşaqları oldu Onun övladları mənim ən böyük təsəllimdir. İndi onları böyütmək barədə çox qorxuram. İstəyirəm onlar savadlı və təhsilli olsunlar. Təbriz də belə arzulayardı. 

Bu sözlərin əks-sədası ilə Təbrizgilin evindən ayrılırıq. Yolboyu, Günelin göz yaşları, Təbrizin divara vurulmuş şəkilləri, atası Məhərrəməli kişinin hönkürtüsü gözlərimin önündən çəkilmir. Evə çatanda yolumu dəyişib şəhidin xalası Şüküfə xanımgilə yollanıram. Məni görən kimi qəhərlənir:

- Bilirəm, bilirəm Təbrizi ziyarət etmisən. Mənim dizlərimdə taqət qalmayıb. Tez-tez məzarlığa gedə bilmirəm. Həm də ürəyim tab gətirmir. Bir dəfə Təbriz uşaq idi, anası təzə rəhmətə getmişdi. Hava yavaş-yava qaralırdı. Gördüm Təbriz meşədən çıxıb bizə gəlir. Qorxmuş, təntimişdi. Əynindəki paltarlar diri su idi. Dedim, haradan gəlirsən bu vaxt, niyə qorxmusan? Dedi, xala, inəklərimizi meşədə itirmişəm, tapa bilmirəm. Bunu deyib ağladı. Mən də ona qoşulub ağladım. Həm anası yadıma düşdü, həm özünün yetimliyi çarəsizliyi məni kövrəltdi. İndi hər qəbri üstünə gedəndə bunlar yadıma düşür. Bircə arzum var ki, qızları xoşbəxt olsun. Bütün şəhidlər mənim balamdı, Təbriz kimi. Allah bütün şəhidlərimizə rəhmət etsin mənim balam. Başqa nə deyim... 

Samirə Əşrəf

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13617
avatar

Samirə Əşrəf

Oxşar yazılar