Yaşıl çayın maddələr mübadiləsi ilə yanaşı, qanda şəkərin səviyyəsinə və bağırsaqların vəziyyətinə də təsir göstərə biləcəyi müəyyən edilib.
Lent.az xəbər verir ki, “Current Developments in Nutrition” jurnalında dərc olunan araşdırmada 40 nəfər iştirak edib. İştirakçıların 21-nə metabolik sindrom diaqnozu qoyulub, digər 19 nəfər isə sağlam olub.
Təcrübə zamanı könüllülər 28 gün ərzində yaşıl çay ekstraktı, araşdırmanın digər mərhələsində isə plasebo qəbul ediblər. Nəticələr müqayisə edilərkən yaşıl çay ekstraktından sonra iştirakçıların qanında qlükoza səviyyəsinin aşağı düşdüyü müəyyənləşdirilib.
Bununla yanaşı, bağırsaqlarda iltihab proseslərinin azaldığını və bağırsaq baryerinin fəaliyyətinin yaxşılaşdığını göstərən əlamətlər qeydə alınıb. Araşdırmanın müəlliflərindən biri Riçard Bruno bildirib ki, dəyişikliklər həm metabolik sindromu olan, həm də sağlam iştirakçılarda müşahidə edilib.
Alimlər nəticələrin yalnız təcrübədə istifadə olunan xüsusi yaşıl çay ekstraktına aid olduğunu vurğulayıblar. Buna görə adi bir fincan yaşıl çayın eyni təsiri göstərəcəyini söyləmək hələ tezdir.
Yaşıl çay orqanizmdə iltihab proseslərinə təsiri araşdırılan antioksidant birləşmələrlə zəngindir. Bəzi tədqiqatlarda onun tərkibindəki maddələrin beyin fəaliyyətini və maddələr mübadiləsini dəstəkləyə biləcəyi bildirilir.
İçkinin tərkibində kofein də var. Onun miqdarı çayın növünə və dəmlənmə üsuluna görə dəyişsə də, bir fincanda təxminən 30 milliqram kofein ola bilər. Sağlam yetkinlər üçün bütün mənbələrdən gündəlik kofein qəbulunun yuxarı həddi təxminən 400 milliqram hesab edilir.