Günümüzün bəlası - QƏBİZLİK və ŞİŞKİNLİK: Həkimdən ÇARƏ
03 aprel 2024 14:00 (UTC +04:00)

Günümüzün bəlası - QƏBİZLİK və ŞİŞKİNLİK: Həkimdən ÇARƏ

Günümüzdə ən çox yayılmış bağırsaq xəstəlikləri qəbizlik, diareya, hissiyatsızlıq və hemoroidlərdir. Bunlardan ən çox rastlananı isə qəbizlikdir. Demək olar ki, son zamanlar bir çox insanlar bu xəstəlikdən əziyyət çəkir. Bəs, bunun səbəbi nədir və qarşısını necə almaq olar? 

Məsələ ilə bağlı dietoloq Reyhan Cabbarlı Lent.az-ın bir neçə sualını cavablandırıb. 

- Reyhan xanım, qəbizliyin artmasının səbəbi nələrdir? 

- Qəbizliyin bu qədər çox artma  səbəbi işlənmiş qida çeşidlərinin artması, yaranmış qida və çevrə kirliliyidir. Həmçinin, az hərəkətdə olmaq, qida rasionunda meyvə-tərəvəzə yer ayırmamaq xəstəliyi yaradan səbəblərdəndir. Təbii ki, genetik və ya hər hansı bir xəstəliyə bağlı yaranmalar da olur. 

- Bəs, bu xəstəliyin əlamətləri nələrdir? 

- Qəbizlik müalicəsindən öncə, diaqnozun qoyulması ən vacib nüansdır. Bəzən pasiyentdən anamez alarkən əslində onun heç qəbizlik yaşamadığını, sadəcə hər hansı bir yaxınından öyrəndiyi defekasiya sıxlığının onda daha az olmasından bu nəticəyə gəldiyini görürük. 

Hər kəsin defekasiya sıxlığı fərqli ola bilər. Həftədə minimum 2-3 dəfə və ağrısız defekasiya edirsizsə, qəbizlikdən şübhələnməyə ehtiyac yoxdur. Ancaq ağrı hiss edilirsə və defekasiya etməkdə çətinlik çəkirsinizsə, mütləq həkimə müraciət etməlisiniz. 

- Günümüzdə qəbizliyin hansı növü daha çox yayılıb?  

- Qəbizlik bir xəstəlikdir. Primer və sekonder olaraq iki növü var. Primer doğumdan hər hansı fizyoloji problemlə bağlı yaranır, sekonder isə günümüzdə ən çox yayılan növüdür. Yaranma səbəbi isə az lifli qidalanma, endokrinoloji pozulmalar, diabet, hipotiroidizm, hamiləlik, hemoroid, psixoloji və nevroloji xəstəliklər, o cümlədən qəbul edilən bəzi dərmanlardan yarana bilər. 

- Hazırda Ramazan bayramı ərəfəsindəyik. Bu günlərdə ən çox oruc tutan insanlarda belə  problem yaranır. Bəs, bunun səbəbi nədir?  

- Ramazan ayında pasiyentlərimizin ən çox yaşadığı problemlərdən biri qəbizlik və şişkinlikdir. Bu halların yaşanmaması üçün günlük qidalanmanızda lif miqdarını artırın. Bunun üçün hər yeməyinizin yanında az miqdar da olsa göyərti yeyin. Günlük minimum 1 porsiya tərəvəz yeməyi istehlak etməyiniz məsləhətdir. Çərəz olaraq badam, qoz istifadə edin. Çörəklərinizi tam buğa və çovdarlı yeyin. Bunu da qeyd edim ki, kəpəkli çörək su tutma balansı çox olduğundan qəbizliyi artıra bilər. Ona görə də bu çörəyi az yeməyiniz məsləhətdir. Günlük 2 porsiya sərt qabıqlı meyvələr yeyin. Məsələn, qabıqlı alma, heyva, armud. 

Fermentləşdirilmiş süd məhsullarına üstünlük verin. Kefir, qatıq, pendir və s. Günlük aktivliyinizi artırın, gün ərzində minimum 6000 addım atın. Qeyd edim ki, bu dediklərim tək oruc tutanlara deyil, hər kəs üçün məsləhətdir. 

- Son dövrlər çia və kətan toxumunun qəbizlikdə ən yaxşı həll yolu olduğu deyilir. Bu deyimlər həqiqəti nə qədər əks etdirir?

- Bəli, bu toxumlar yüksək miqdar lif və mikroelementlərlə zəngindir. Qəbizlikdə də effektlərini görürük. Ancaq günlük maksimum 2 yemək qaşığı istifadə edilə bilər. Eyni zamanda gələcəkdə bağırsaq tənbəlliyinin yaranmaması üçün çox qəbul edilməsi məsləhət deyil. 

- İşlənmiş qidaların üstünlük təşkil etdiyi bu zamanda insanlara nə məsləhət verə bilərsiniz? 

- Bir çoxlarının həm xoşuna gələcək, həm də qəbizlik problemini azaldacaq bir kokteyl tərifini verə bilərəm. Bunu həftədə 1-2 gün səhər acqarına için və minimum 1 saat heç bir qida yeməyin. 

Hazırlanması üçün 1 dilim ananas, 1 çay qaşığı kətan toxumu, 150 ml. kefir və 1 qozu götürün. Sonra bunların hamsını blenderdən keçirin. Bu qarışıq həm çox dadlıdır, həm də bağırsaqlarınız üçün faydalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7149
avatar

Sevinc Fərid

Oxşar yazılar