Sürətli piyada gəzinti Daun sindormu olan insanlarda səkkiz həftə ərzində qəbul edilən informasiyanın qavranılmasının yaxşılaşmasına kömək edə bilər.
Lent.az xəbər verir ki, bununla bağlı tədqiqat “International Journal of Environmental Research and Public Health” (IJERPH) jurnalında dərc edilib.
Tədqiqatda 10 ölkədən diaqnostika yolu ilə təsdiq edilmiş Daun sindromlu, yaşı 18-dən 48-dək olan 40 qadın və 43 kişi iştirak edib.
Birinci qrupun iştirakçıları həftədə 3 dəfə piyada gəzintiyə çıxıblar. İkinci qrup isə intellektlə bağlı tapşırıqların yerinə yetirilməsi ilə məşğul olub. Üçüncü qrup fiziki və koqnitiv tapşırıqları icra edib, dördüncü qrup heç bir fəaliyyətlə məşğul olmayıb. İştirakçıların fiziki aktivliyinə nəzarət xüsusi daşınabilən qurğu vasitəsilə həyata keçirilib.
Tədqiqatın sonunda piyada gəzinti ilə məşğul olan iştirakçılar altı dəqiqəyə gedə biləcəkləri məsafəni eyni müddət ərzində bir az da uzadıblar. Yalnız fiziki tapşırıqları yerinə yetirən insanların qrupunda və qarışıq hərəkətlərin icra edildiyi qruplarda əldə edilən nəticələrdə yaxşılaşma müvafiq olaraq, 11,4 faiz və 9,9 faiz təşkil edib. Bu qruplarda, həmçinin SART və STROOP testləri üzrə də irəliləyiş qeydə alınıb. Birinci test koqnitiv fəaliyyət zamanı səhvlərin tezliyini, ikinci isə qərarların qəbul edilmə sürətini və dəqiqliyini müəyyən edir.
Piyada gəzinti aktiv beyin düşüncəsinin işə salınmasını tələb etməsə də, təqdiqatçılar hərəkətverici sinir yollarının fəallaşmasının əqli inkişafı stimullaşdırdığını bildiriblər, çünki Daun sindromlu insanlar bu hərəkətlilik nəticəsində daha ayıq-sayıq və qarşıya qoyulan tapşırığa münasibətdə daha diqqətli olurlar.