Azərbaycan Teatr Xadimləri İttifaqında rejissorlar laboratoriyası yaradılacaq. Bu barədə Lent.az-a İttifaqın sədri Azər Paşa Nemətov bildirib. Onun sözlərinə görə, laboratoriya yaxın günlərdə fəaliyyətə başlayacaq: “Bildiyiniz kimi, Teatr Xadimləri İttifaqında gənc dramaturqlar üçün “Axundzadə dərsləri” keçirilir. Çalışdıq ki, bu sahədə gənclərə öz tövsiyəmizi verək. İndi düşünürük ki, gənc rejissorlar laboratoriyasının açılmasına ehtiyac var. Bu iş artıq gerçəkləşmək üzrədir”.
İttifaq sədri bildirib ki, laboratoriyaya xalq artisti Cənnət Səlimova rəhbərlik edəcək: “Bu, dramaturq dərslərinin bir növ davamı olaraq yaradılacaq. Gənc rejissorları laboratoriyaya toplayacağıq. Dramaturq dərslərinin iştirakçıları tərəfindən seçilən əsərlər gənc rejissorların laboratoriyasında oxunacaq. Onlar orada öz analizlərini edəcəklər. Fərqlənən rejissorlar seçiləcək. Daha sonra isə teatr studiyalarında tamaşaya qoyacaqlar”.
Xatırladaq ki, bir ildən artıqdır ki, təşkil edilən “Axundzadə dərsləri”nin məqsədi dramaturgiya sahəsinə meyl göstərən istedadları üzə çıxarmaq, mütəxəssislərin iştirakı ilə ustad dərsləri keçirmək, gənc dramaturqların əsərlərini teatrlara təqdim etmək, tamaşaya qoyulmasına şərait yaratmaqdır.