Fransada tanınmış fotoqraf Rene Rober Parisin mərkəzi küçələrindən birində huşunu itirərək yıxılıb və xəstəxanada dünyasını dəyişib.
Lent.az xəbər verir ki, bu barədə “RTL” radiosuna özünü onun yaxın dostu kimi təqdim edən jurnalist və musiqiçi Mişel Momponte məlumat verib.
Onun sözlərinə görə, Rober şəhəri gəzmək üçün evdən çıxıb, lakin Turbiqot küçəsində anidən huşunu itirib və başı səkiyə dəyib yıxılıb: "O, Parisin ən intensiv hərəkət edilən küçələrindən birində azı beş-altı saat yerdə uzanmış vəziyyətdə qalıb. Heç kim ona müdaxilə etməyib. Səhər saatlarında yoldan keçən evsiz bir kişi həkimləri çağırsa da, gec olub”.
Təcili tibbi yardım briqadası 84 yaşlı fotoqrafa kəllə-beyin travması və ağır hipotermiya diaqnozu qoyub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və orada ölüb.
Qeyd edək ki, Rene Rober “Flamenko üslubunda rəqs” əsərinin əbədiləşdirilməsinə 50 ildən çox vaxt sərf edib.