Bu ilin yayında Lent.az-da Azərbaycan Dövlət Kukla teatrının direktoru Rəşad Əhmədzadə ilə müsahibəmiz dərc olundu. Direktor söhbət zamanı Mədəniyyət Nazirliyinin Kukla Teatrına soyuq münasibətindən gileyləndi, sözünü üzə deyən, yaltaq adam olmadığına görə həm özünə, həm də onun kollektivinə ögey münasibət göstərildiyini dedi.
“Örtülü bazar dostluğu pozar” demişdilər. Bu dəfə açıq söhbət özünə qurbanlar tələb elədi. Rəşad Əhmədzadə ömrünün 40 ilini teatr işinə həsr etmiş bir adamdır və bu işi xırdalığına qədər yaxşı bilir. Atası Rüfət Əhmədzadə kimi bir sənətkarın oğlu olmaq adını doğru daşımağa çalışır.
Bu müsahibədən sonra Rəşad Əhmədzadəyə qarşı nazirliyin təzyiqləri artıb və bu gün teatrda aparılan yoxlamalar onu deməyə əsas verir ki, tənqid direktora baha başa gəlib. Onu yola salmağa hazırlaşırlar. Həm də elə belə yox. Korrupsiya faktları ilə. Bu isə təkcə işdən ayrılmaq yox, ömürlük damğa, hətta həbslə nəticələnə bilər. Rəşad Əhmədzadə özünü müdafiə üçün unikal bir yol seçdi və mediaya üz tutdu, hadisənin işıqlandırılmasını istədi. Azərbaycanda bəlkə ilk dəfə nazirliklə teatr arasında gedən hadisələr bu qədər açıq-aşkar deyildi və danışıldı. Teatrın bir qrup əməkdaşı isə “bizi az incitsinlər, açarıq sandığı, tökərik pambığı” deyə etirazını ucaltdı. Onlar nazirliyin teatr əməkdaşları arasında intriqa yaratdığını, gələn yoxlamanın özünü müfəttiş yox, müstəntiq kimi aparıb işçilərə təzyiq göstərdiyini, aktyorları alçaldaraq izahatlar yazdırdığını iddia etdilər. İddia deyirəm. Çünki Mədəniyyət Nazirliyi də bu deyilənlərə susmamalı, cavab verməlidir, amma hələ susur. Haqqında bu qədər iddialar səsləndirildikdən sonra cəmiyyəti saya salıb “hə”dən, “yox”dan nəsə deməlidir. Bu şəxsi məsələ olsa susa bilərlər. Söhbət dövlət qurumundan gedirsə ondan ictimaiyyətin açıqlama gözləmək haqqı var.
Rəşad Əmədzadənin işdən çıxarılması və ya işdə qalmasının şəxsən mənə heç bir isti-soyuğu yoxdur. Amma onun işdə qalmasına sevinərdim. Birincisi bu medianın uğuru olardı, ikincisi ədalətin. Çünki həqiqəti danışan, özündən üst mərtəbədəki rəhbərinin yanlış addımını üzünə deyən bircə nəfərin işindən atılmayıb, işində qalmasını görmək cəmiyyətdə ədalətə inam yaradardı.
Mədəniyyət nazirimizin müavini korrupsiya faktı ilə həbs olunub, özü gündə bir qəribə, xətalı çıxışla medianın dilinə düşür, amma korrupsiya faktı Kukla Teatrının kuklalarının əyin-başında axtarılır? Çox maraqlıdır, görəsən yoxlamaların sonunda neçə kukla narkoman, neçəsi əyyaş, neçəsi əxlaqsız adlandırılacaq?
Sarbanı şalı ilə karvanı malı ilə yeyənlər qalır kənarda, oğrunu, əyrini uşaqların nağıl dünyasında axtarırıq. Belə gəlmişik, belə də gedəcək? Adama deyərlər, ay Rəşad Əhmədzadə, düzünü demək sənə lazım idi? Bazara girdin gördün gözü qıyıq, sən də ol gözü qıyıq.