Nəsrin Cavadzadə: “Azərbaycan tamaşaçısı çox intellektualdır” - MÜSAHİBƏ
02 may 2009 14:00 (UTC +04:00)

Nəsrin Cavadzadə: “Azərbaycan tamaşaçısı çox intellektualdır” - MÜSAHİBƏ

“Müasir Azərbaycan kinosunun daha əlçatan olmasını istərdim”

20-ci Ankara Uluslararası Film Festivalında “Ən yaxşı qadın aktrisası” nominasiyasında mükafatı “Dilbərin səkkiz günü” filmindəki roluna görə Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə qazanıb.

Qeyd edək ki, bu, aktrisanın Azərbaycan efir məkanı üçün ilk işidir. Nəsrin Cavadzadə Lent.az-a eksklüziv müsahibəsində bu və başqa məsələlərdən danışıb:

- Azərbaycan tamaşaçısı sizi o qədər də yaxşı tanımır. Bir az özünüzdən, işinizdən bəhs edin.

- Camal Şanın ssenari müəllifi və rejissoru olduğu “Dilbərin səkkiz günü” adlı film mənim baş rolu oynadığım ilk filmdir, amma daha əvvəllər də kinofilmlərdə rol almışdım. Ən önəmliləri arasında Hüseyn Qarabəyin rejissorluğunu etdiyi və beynəlxalq festivallarda bir çox mükafat almış olan “Getmək - My Marlon and Brando”, Ben Hopkinsin son filmi “Bazar - Bir Ticarət nağılı”, Eytan Foxun “Suda gəzmək - Walk On Water”i saya bilərəm. Bu filmlərdə əsas rol oynamadım. Amma Türkiyədə məni tanıdan iki ilə əvvəl “ATV” kanalında yayımlanan, bas rolu ünlü səs sənətçisi Fərdi Tayfurla birlikdə paylaşdığım “Yersiz Yurtsuz” serialı oldu.

- Türkiyədə uğur qazanmaq üçün bir aktyor necə olmalıdır? Gözəllik şərtdirmi?

- Gözəllik, sanıram ki, televiziya üçün, serial aktiyorları üçün əhəmiyyətlidir. Xüsusilə, baş rolu oynamaq üçün vacibdir. Mən şəxsən bu anlayışı çox cansıxıcı qəbul edirəm. Kino sənətində belə bir iddia, şərt yoxdur. Necə görünürsənsə, elə də oynayacaqsan. Rola uyğundursa, sənin çirkin olmağın da bu halda önəmlidir. Hətta bəzən bir rol üçün həddən artıq gözəl görünüb, kadr arxasında da qala bilərsən. Və ya rejissor başqa bir görkəmə salıb ya çirkinləşdirməli, arıqlamağını, saçlarınızı keçəl etməyini belə tələb edə bilər. Bu mənada deyə bilərəm ki, kino aktyorluğu çox zövqlüdür. Kinoya çəkilmək Türkiyədəki aktyorlar üçün olduqca əhəmiyyətlidir.

- Siz Azərbaycan tamaşaçısına o qədər də yad sayılmırsınız, simanız “Gülüm” yağlarının reklamından tamaşaçıya tanışdır. Bu sizin ilk işinizdir?

- Mən universitetdə kino və televiziya təhsili aldım. Yəni, əslində kamera arxası üçün “xammal” sayılıram. Rejissor olaraq məzun oldum. Beş qısametrajlı, bir sənədli filmim var. Ötən il universitetdən müəllimlərimdən biri mənə zəng vurdu, bir reklam filmi çəkəcəyini və reklamda oynayacaq azərbaycanlı bir qıza ehtiyacı olduğunu söylədi. Tələbəsi olduğum və o aralarda rol aldığım serial çox populyar olduğu üçün məhz mən ağlına gəlmişəm. Təklif məni xoşbəxt etdi, çünki doğulub böyüdüyüm, sahib olduğum mədəniyyətimə görə borclu olduğum məmləkətimdə tanınmaq istəyirəm. Bu reklamda oynamaq Bakıya əl uzatmaq kimi idi. Əqrəbalarım, dostlarım, müəllimlərimin çoxu oradadır. Dolayısı ilə onların bir neçə saniyə də olsa, məni görəcək olmaları çox həyəcanlandırmışdı. O reklam filmi mənimlə sevdiklərim arasında bir körpü oldu. Çünki mən burdayam, onlar orada. Hər istədiyim vaxt onlara çata bilmirəm.

- Azərbaycan və Türkiyənin tamaşaçısı və film dünyasında böyük bir fərq varmı?

- Film dünyasında sektor anlamında böyük bir fərq var. Türkiyə 70 milyon nəfərə sahib, gənc və dinamik bir ölkədir. Azərbaycanın əhalisindən qat-qat artıq olduğu üçün burada ildə çəkilən filmlərin sayı da təbii ki, çoxdur. Amma bu, işin sadəcə, statistik tərəfidir. Mahiyyətcə eyni fikri təkrarlaya bilmərəm, çünki Azərbaycanda çəkilən çox gözəl filmlərin olduğundan xəbərdaram. Ayrıca Azərbaycan tamaşaçısı da çox intellektualdır. Azərbaycan tamaşaçısı Avropa kinosunu türk tamaşaçısından daha yaxşı təqib edir. Kiminlə danışsam, Ornegin Hanekenin “Pianoçu” filmini izləyib. Ya da Almodovar adlı rejissorun varlığından xəbərdardır. Türk tamaşaçısı üçün eyni fikri deyə bilmərəm. Türk tamaşaçısı daha çox Hollivud filmləri ilə maraqlanır. İntellektual insanlar Avropa filmlərini seyr edir.

- Azərbaycan kinosunu diqqət mərkəzində saxlayırsınız?

- Təəssüf ki, Azərbaycan rejissorlarını təqib edə bilmirik, ya da filmlərini sadəcə film festivallarında izləyə bilirik. Klassikləşən filmləri təbii ki, izləyirəm, lakin mənim istəyim ayrıdır. Müasir Azərbaycan kinosunun daha əlçatan olmasını istərdim. Yəni, gənc Azərbaycan filmlərini sadəcə festivallarda deyil, sinema salonlarında görə bilmək ən böyük arzumdur.

- Türkiyənin medyatik, taninan adları ilə tez-tez görüşürsünüz, onlarla bağlı xatirəniz varmı?

- Bu suala cavab vermək çox çətindir. Ağlıma çox diqqəti çəkən, yadda qalan bir hadisə gəlmir. Medyatikdən ziyadə, işlərində çox professional olan insanlarla çalışdım. Bu günədək birlikdə çalışdığım hər kəs mənə inanılmaz dərəcədə dəstək oldu. Tək söyləyə biləcəyim onlara borclu olduğumdur. Bir də indi Azərbaycanda “Ask-ı Memnu” serialının çox populyar olduğunu bildiyim üçün, o serialı mənim də sevərək izlədiyimi əlavə edə bilərəm. Azərbaycana sevgilər!

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3097

Oxşar yazılar