Dünyada əhalinin ən sıx yaşadığı bölgələrdən biri də Tibetdir. Tibet öz mistik aurası, qədim tarixi, ilkin tibbi biliklərin beşiyi kimi daim başqa dövlətlərin marağını və diqqətini çəkib. Ölkə 1950-ci ildə Çin dövlətinin nəzarəti altına keçdikdən sonra buraya xarici səfərlər, turist səyahətləri məhdudlaşdırıldı. Bu qadağa 1984-cü ilədək davam etdi. Hazırda xarici turistlər Tibet ərazisinə Çin hökumətinin icazəsi ilə daxil ola bilirlər.
Tibet haqqında qısa məlumat
Tibetin paytaxtı Lxasa şəhəridir. Şəhər VII əsrdə şahzadə Sronçzen Qamponun əmri ilə Tibetin rəsmi paytaxtı elan olunub. Sonralar Lxasa paytaxt statusunu itirib və yalnız 1642-ci ildə V Dalay Lamanın əmri ilə yenidən paytaxt adını qazanıb.
Tibet qədim türkcədə Göytürk əlifbası ilə "Tüpüt" (𐱅𐰇𐰯𐰇𐱅) adlanırdı. Bu adın qədim türk dillərində işlənən “tüpü” (dağ başında yaranan duman, sis) sözündən götürüldüyü ehtimal olunur. “Tibet” sözü Mahmud Kaşğarlının "Divani-Lüğət-it-Türk" kitabında da Qaraxanlı türkcəsində, eynilə qədim türk dilindəki kimi "Tüpüt" olaraq qeyd olunub.
Tibet evləri niyə bu formada tikilib?
Şəkillərdəki yaşayış yerləri Tibetin unikal coğrafi şəraitini əks etdirən ənənəvi Tibet evləridir. Tibet, dünyanın ən yüksək dağ silsiləsi olan Himalay dağlarının ətəyində yerləşir. Bu səbəbdən, Tibet evləri də bu sərt iqlimə və coğrafi şəraitə uyğun şəkildə inşa edilib.
Tibet evlərinin tikintisində nələrdən istifadə olunur?
Tibetdə evlərin inşasında əsasən daş, ağac və gildən istifadə olunur. Daşları dağlardan toplayırlar. Ağaclardan isə qapı, pəncərə və dam konstruksiyalarında istifadə olunur. Divarların və damların örtüyü isə gildən hazırlanır.
Tibetdə heyvanlar üçün tövlələri evlərə bitişik tikirlər.
Əhalinin sıxlığı və torpağın azlığı yaşayış məskənlərinin biri-birinə çox yaxın salınmasına səbəb olub. Obrazlı desək, bu ölkədə təkcə insanlar deyil, həm də evlər biri-birinə qısılıb yaşayırlar.
Evlərin divarlarını bir qayda olaraq, ağ rəngdə boyayırlar. Bu, həm günəş şüalarını əks etdirərək evləri işıqlandırır, həm də Tibetdəki dini inanclara işarə edir. Belə ki, tibetlilərin inancına görə ağ rəng, saflığın və təmizliyin simvolu hesab olunur. Evlərin qapı və pəncərələri isə adətən qırmızı və ya qəhvəyi rəngdə olur.
Tibet evlərinin pəncərələri adətən kiçik olur. Bu, həm evləri soyuqdan, həm də güclü küləklərdən qoruyur.
Bu evlərin qapıları üzərinə müxtəlif növ naxışların vurulması da milli gələnəyə aiddir.
Tibet evləri coğrafi şəraitə görə belə tikilib
Tibetdə yaşayış şəraiti olduqca çətindir. Bu yüksəkliklərdə il boyu iqlim sərt, oksigenin miqdarı isə az olur. Bütün bunlara baxmayaraq, Tibet xalqı şəraitə uyğunlaşaraq özlərinə uyğun yaşayış tərzi yaradıb. Bu Tibet evləri də həmin yaşayış tərzinin bir əksidir.
Tibetlilərin yaşayış evlərini dağ ətəyi ərazilərdə inşa etmələri həm biri-biri ilə isti münasibətdə olmalarını təmin edir, həm qədim milli mədəniyyət qorunub saxlanılır, həm də əkin sahələrini azalmaqdan xilas edir.