Barsakelmes qazax dilində gedər-gəlməz anlamını verir. Qurumuş Aral dənizinin ortasında hələ ötən əsrin əvvəllərində peyda olmuşdu. Aralsk şəhərindən 180 kilometr məsafədə yerləşir.
Lent.az xəbər verir ki, yarandığı gündən bu balaca torpaq haqqında böyük əfsanələr dolaşıb. Bura ayaq basan adamlar səmadakı qəribə işıqlardan, tez- tez yaranan illüziyalardan, insanı bürüyən vahiməli hislərdən, zamanda və məkanda oriyentasiyanı itirməkdən bəhs edirdilər. “Gedər-gəlməz”ə gedib geri dönməmiş çox sayda insan haqqında məlumat var.
Bu adanı Qazaxıstanın Bermud üçbucağı adlandırırlar. Deyilənlərə görə,1950-ci illərdə ada səmasında linza formasında qəribə obyekt peyda olub. Abdurrəzzaq adlı yaşlı bir kişi linzaya arasında hansısa bağların olduğunu və linzanın onu çağırdığını deyərək, Barsakelməsə köçüb orda məskunlaşıb. Bunun üçün qoca qazax 150 kilometr yol qət etməli olub. Abdurrəzzaq linza tərəfindən ona gələcək barədə informasiyalar verildiyini deyirdi. Hərçənd söylədiklərinin bir çoxu da gerçəkləşirdi. Məsələn, o insanın kosmosa uçacağını, Aya ayaq basacağını öncədən söyləmişdi. Abdurrəzzaq linzanın içindən gələn yadplanetlilərlə danışdığını da dilə gətirmişdi. Lakin o, bu varlıqların adına mələklər, cinlər deyirdi. Leksikonunda yad planetlilər və ya bu kimi elmi kəlmələr yox idi. Sirli ada və onun yeganə qəribə sakini barədə xəbərlər qazax aulları arasında sürətlə yayılıb və təbii ki, hərbiçilərin də diqqətini çəkib.
50-ci illərin sonunda adaya təyyarə ilə bir qrup hərbiçi göndərilib. Onlar səmadakı qəribə gözü - linzanı görüblər, lakin nə fotosunu çəkə, nə də irəliləyə bilməyiblər. Ada onları yaxına buraxmayıb, təyyarədə nasazlıq əmələ gəlib və məcburi surətdə Aral gölünün sularına enməli olub.
Hərbiçilər adanı bürümüş qəribə, soyuq tüstünü anlamırdılar, lakin sonralar məlum olub ki, bu tüstü zəhərsiz azot oksididir. Öncə itləri göndərməyə qərar verilib. Lakin itlər hansısa sirli qüvvənin təzyiqi altında adaya yaxınlaşmağa qorxublar. Hərbiçilər o dövrün ən müaasir tanklarından birini adanın mərkəzinə göndərmək qərarına gəliblər. Hər ehtimala qarşı tankın arxasına uzun bir zəncir də bağlanıb (itimə və ya oğurlanmaq təhlükəsinə qarşı). Bir müddət hər şey qaydasında getsə də, tankla əlaqə anidən kəsilib. Arxasınca gedən hərbiçilər tankı qırovla örtülmüş halda tapıblar, lakin tankın içindəki hərbiçilər yoxa çıxmışdılar. Xilasedicilərin axtarışları nəticə verməyib, bu məlumat məxfi qrifi altında gizlədilsə də, xalq arasında yeni əfsanələr dolaşmağa başlayıb.
1991-ci ildə adadakı anomal halları öyrənmək üçün xüsusi tədqiat qrupu yaradılıb. Elə ilk gün onlar elmə məlum olmayan qəribə canlılar gördüklərini qeydə alıblar. Sonra sıx dumana düşüblər. Dumandan çıxıb Aral gölü sahilinə çatanda məlum olub ki, onlar düz 40 saat “ itkin” hesab olunublar. Tədqiqatçıların saatlarında isə cəmi 1 saat vaxt keçmişdi. (Məlumat RenTV kanalında gedən “Məxvi məlumatlar” proqramından götürülüb).
Ada haqqında bu əfsanələrin yaranma səbəblərindən biri də onun barəsində maraqlı povest və romanların yazılmasıdır. 1950-ci ildə Qazaxıstanın “Lenin yolu” qəzetində adada uçan dinozavrlar görünməsi barədə məqalə dərc edilib. Bu əfsanələrdən ilhamlanan yazıçı Sergey Lukyanenko fantastik roman yazaraq, adanı keçmiş və gələcək arasında portal kimi qələmə verib.
Ufoloqların fikrincə, bu anomal hallar həmin ərazidə yerin fiziki qanunlarının pozulması ilə əlaqədardır və Basarkelmesdə başqa dünyalara qapılar açılır. Bəziləri hesab edirlər ki, adada gizli elmi tədqiqatlar aparıldığından, belə əfsanələr ora heç kimin ayaq basmaması üçün qəsdlə yaradılır.
Bir çoxlarına görə, bu Basarkelmes qoruğuna turistlərin diqqətini cəlb etmək üçün uydurulmuş yalandır. Axı insan oğlu qadağan olunmuş hər şeyə can atmağı, yasaq almanı dərməyi sevir.