Bu gün ümumdünya solaxaylar günüdür.
Demoqrafiya məsələləri ilə məşğul olan beynəlxalq ekspertlərin müşahidələrinə görə, son illər dünyada solaxay doğulan insanların sayı artmaqdadır.
Lent.az-ın məlumatına görə, alimlər hələ ki, insanların solaxay doğulmasının səbəblərini müəyyənləşdirə bilməyiblər. Bir vaxtlar solaxayların həyatı hər an təhlükə altında idi. Keçmiş dövrlərdə Avropada solaxaylıq şeytanlıq əlaməti hesab edilirdi. Hətta solaxaylara bəzən ölüm hökmü oxunurdu. Buna görə də solaxay doğulanlar çox vaxt solaxay olduqlarını gizlətməyə çalışırdılar. Dünyada insanların təxminən 10-12 faizi solaxaydır. Qadınlara nisbətən kişilər daha çox solaxay olur. Şimalı Amerikada yaşayan Zud xalqı solaxaylığı uğur əlaməti hesab edirlər. Səudiyyə Ərəbistanda isə sol əli nümayişkaranə göstərmək qanuna zidd sayılır. Hətta islam ölkələrində sol əlin natəmiz olduğu düşünülür.
Ekspertlərin məlumatına görə, solaxay insanlar dəqiq fənləri, məsələn, riyaziyyat, fizika kimi dərslərdə istedadlıdırlar. Sağ əlini işlədənlər isə daha çox humanitar elmlərə meyillidirlər. Solaxaylıq insanlara irsən keçir. Belə insanlar nifrət kimi mənfi emosiyalara qarşı daha həssasdırlar. Bəzi mütəxəssislər isə solaxaylığı beynin quruluşundan asılı olaraq, irsən keçən psixi hərəkət hesab edirlər. Solaxaylar dünyanı daha aydın, obrazlı şəkildə, hissiyyatla, emosional şəkildə dərk edirlər. Problemləri intuisiyalarına görə həll edir, bunun səbəbini isə heç cür açıqlaya bilmirlər. Ona görə də adi insanlar solaxaylara etibar etmir, onların hərəkətlərini psixi pozğunluq kimi qiymətləndirirlər. Solaxayların imzaları isə əhvallarından asılıdır. Solaxaylar tez yorulduqları üçün yazmağı və oxumağı xoşlamırlar. Ona görə də kompüter solaxaylar üçün əsl tapıntıdır.
Rəsmi şəkildə 13 avqust “Beynəlxalq Solaxaylar Günü” kimi qeyd edilir.
Solaxaylar əsasən yaradıcı istedadlarına görə fərqlənirlər. Siyasi xadimlər, aktyorlar və rəssamlar arasında onlar xüsusilə çoxluq təşkil edir.
Dünyaca məşhur insanlar arasında da solaxaylar az deyil. Bunlardan ən tanınmışlarını sizə təqdim edirik:
Barak Obama, Leonardo Da Vinçi, Yuli Sezar, Makedoniyalı İsgəndər, Napoelon Bonapart, Albert Eynşteyn, Bill Klinton, Corc Buş, Bill Qeyts, Melin Monro, Robert de Niro, Tom Kruz, Nikol Kidman, Mark Tven, Bethoven, İsaak Nyuton, Sergey Raxmaninov və başqalarını.
Sevinc Fərid