Xalq artisti İlhamə Quliyeva Yeni ildə şou-biznesin iki küsülü simasını barışdırıb. Lent.az-ın axsam.az-a istinadən məlumatına görə, bunlar əməkdar artist Cavanşir Məmmədov və müğənni Nadir Qafarzadə olub.
Bu haqda məlumatı xalq artistinin mətbuat katibi Faiq Ələkbərli verib: “Bu gün Cavanşir Məmmədov İlhamə Quliyevanın yanına xəstəxanaya gəlmişdi. Həmin ərəfədə Nadir Qafarzadə zəng vurub xalq artistinin əhvalını soruşdu. İlhamə xanım da bu fürsətdən istifadə edib Nadir Qafarzadə ilə Cavanşir Məmmədovu barışdırdı”.
Barışıqdan danışan İlhamə Quliyeva hər kəsə məsləhət verib: “Yeni il gəldi, bayramdır. Küsülü qalmaq lazım deyil. Mən də öz növbəmdə hər iki sənətkara dedim ki, barışın getsin. Sözümü yerə salmadılar, sağ olsunlar”.
Cavanşir Məmmədov isə barışıqla bağlı bunları deyib: “İlhamə xanım hamımızın böyüyüdür. Onun sözünü yerə sala bilməzdim. Nadirlə danışandan sonra telefonu mənə uzatdı və onunla 20 dəqiqəyə yaxın telefonda danışdıq. Nadir öz böyüklüyünü bir daha sübut etdi. Əsas da budur. Heç kim ideal insan deyil. Amma Nadir sağ olsun, öz səhvini tez bir zamanda düzəltdi”.