Əməkdar artist, ustad rəqqasə Aliyə Ramazanlı gözündən əməliyyat olunacaq.
Lent.az-ın xəbərinə görə, rəqqasə bu haqda Milli.Az-a məlumat verib:
“Gözümə mirvari suyu gəlib. Bir gözümdən əməliyyat olunmuşdum, o biri gözümdən isə 1 həftəyə yerli xəstəxanalardan birində əməliyyat olunacağam. Çox çətinlik çəkirəm, rahat gəzə bilmirəm. Mənə gözüm çox əziyyət verir. Ona görə bir çox yerə sərbəst gedə bilmirəm. Bir də görürsüz, verilişə dəvət edirlər, çəkiliş pavilyonuna gedib yıxılıram. İnanıram ki, Allah mənə kömək olacaq. Göz xəstəliyinə bizim kimi yaşlı insanlarda çox rast gəlinir”.
Rəqqasə səbəbsiz yerə plastik əməliyyat keçirən sənətçilərdən də danışıb: “Rəqqasə olsam da, indiyə kimi heç bir plastik əməliyyat keçirməmişəm. Amma indiki rəqqasələr çox böyük səhvlərə yol verirlər. Allah verən can daha yaxşıdır. Əməliyyat o zaman olar ki, həqiqətən də qüsur var və bu sənə mane olur. O vaxt rəqqasələri sənətə götürəndə daha çox səhnə gözəlliyinə fikir verirdilər. Çünki bu sənət üçün görünüş vacibdir. İndi isə bu sənətə çox axın var. Deyəndə ki, ay qızım, sənin görünüşün səhnəyə uyğun deyil, gedib o dəqiqə əməliyyat etdirir. Onsuz da nə vaxtsa bu əməliyyatların insana mənfi təsiri olacaq. İncəsənəti hamı sevə bilər, amma bacarıq hamıda ola bilməz. Bu, Allah tərəfindən verilən vergidir”.