Şou-biznesdə mərhum aşıq Ələsgərin kötücəsi kimi tanınan müğənni Talıb Taleh mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, xeyli müddətdir efirlərdən uzaq düşən ifaçı bildirib ki, təqdimat keçirməsinə səbəb, ifa etdiyi “Temmuzda” adlı mahnıya çəkilmiş klipdir: “Bu tədbirimə gələn hər kəsə minnətdaram. Çoxdan gözlənilən “Temmuzda” adlı klipimin ərsəyə gəlməsini gözləyirdim. Ekran işini türkiyəli rejissor Oğuzxan Əjdəroğlu həyata keçirib. Klipdə də tərəf müqabilim Türkiyənin tanınmış modeli Nihal Aközdür. Mahnı da türk dilindədir. Düşünürəm ki, yeni işimi hər kəs bəyənəcək”.
Daha sonra tədbirə qatılan müğənni Üzeyir Mehdizadə maraqlı açıqlama verib: “Bu gün Talıb Taleh Azərbaycanda sevilən ifaçıdır. O, bu gün şou-biznesdə at oynadır. Onun Azərbaycanda pərəstişkarları çoxdur. Hətta onu sevənlər məndən soruşurlar ki, “Talıb Talehin konserti nə zamandır?”.
Onu da əlavə edək ki, tədbirin aparıcısı və təşkilatçısı prodüser Təranə Səmədova idi. Konfransa əməkdar artist Səlim Abbasov, müğənnilər Afaq Aslan, Bəturə Hüseynova, Sevinc Ağaşirinova və başqaları qatılıb.
Qeyd edək ki, T.Taleh iyulun 25-də Nabranda konsert verəcək.