"Maşın" realiti şousunun qalibi məlum olub. Lent.az-ın məlumatına görə, mayın 9-dan ANS telekanalında davam edən yarışmada avtomobili müğənni Xatirə İslam udub.
Xatırladaq ki, əməkdar artist Murad Dadaşovun rəhbəri olduğu yarışmanın finalında üç iştirakçı - müğənnilər Xatirə İslam, Samir Cavadzadə və meyxanaçı Rəşad Dağlı mübarizə aparıb. Finalçılar maşın ətrafında 47 saat yatmadan dayanıb. Əlini avtomobildən birinci Samir Cavadzadə çəkib. Bundan sonra iştirakçılar həkim müayinəsindən keçib. Müayinə Rəşad Dağlının səhhətinin pis olduğunu müəyyən edib. Belə ki, onda yüksək təzyiq, ayaqlarında şişkinlik, böyrəklərində müəyyən problemlər aşkarlanıb. Beləliklə yarışmada qalib Xatirə İslam elan edilib. Müğənni şounu əvvəl tərk etmiş Aşıq Əli, Emil Bədəlov və Rüfət Axundovu udduğu maşına otuzduraraq, studiyanı tərk edib.
Xatırladaq ki , "Maşın" realiti şouda 18 nəfər iştirak edib. Bunlar xalq artisti Aygün Kazımova, əməkdar artistlər Abbas Bağırov, Mehriban Xanlarova, müğənnilər Kərim Abbasov, Rüfət Axundov, Elçin Hüseynov, Emil Bədəlov, ABD Malik Kələntərli, Günel Ələkbərova, Niyam Salami, Rəhim Rəhimli, Xatirə İslam, Samir Cavadzadə, Roza Zərgərli, aktyor Allahverdi Yolçuyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı, stilist Anar Ağakişiyev olub.