<span style="color:red;">Müğənni Elnarə:  "Dövlətdən "Qəhrəman ana" medalı və 3 otaqlı ev istəyirəm" - <span style="color:red;">MÜSAHİBƏ
08 yanvar 2016 12:21 (UTC +04:00)

Müğənni Elnarə: "Dövlətdən "Qəhrəman ana" medalı və 3 otaqlı ev istəyirəm" - MÜSAHİBƏ

 

Lent.az müğənni Elnarə Xəlilovanın “qafqazinfo”ya verdiyi müsahibəni təqdim edir. 

 

-Bir zamanlar “Məhəbbət payı”, “Qəm otağı” kimi tarixə damğa vuran mahnıları ifa etmisiz. İndi nədənsə belə mahnılara rast gəlmirik...

- İndi də elə mahnılar var, sadəcə Elnarə dəyişib. Mən o vaxtlar məhəbbət payımı axtaranda o mahnımı oxuyurdum. Özümə qəm otağı qurmuşdum. Soyuq və tənha bir otaqda idim. Onda da “Qəm otağı” mahnısını ifa etmişdim. O, mənim hisslərim idi, sözlərini də özüm yazmışdım. İndi mən tək deyiləm. Mən gözləyirəm ki, gənc nəsil oxusun. Amma onlar da belə mahnılar oxumur. Bu boşluqları 36 yaşımda doldura bilmərəm. Bu yaşımda mini ətək geyinib cavan qızlar kimi ora-bura tullanmaq mənə yaraşmaz. Bir vaxtlar mənə yaraşırdı.

 

- Çoxu sizə o tərzi daha çox yaraşdırır...

- O vaxt yaranan boşluğu mən doldurdum, möhürü vurdum. Sonra ailə qurdum, başım başqa işlərə qarışdı. Mənim üçün birinci sıranı ailəm tutur. Mən olmayanda səhnədəki yerim boş qaldı. İndiki dövrdə oxuya bilən-bilməyən yeni gənc müğənnilər sənətə gəlir. Ancaq o boşluğu doldura bilmirlər.

 

- Əvvəlki şou-biznesin dadı-duzu qalıb?

- Mən şou-biznesə gələndə hər şey başqa cür idi. Aygün Kazımova, Zülfiyyə Xanbabayevanın müsahibələrini dinləyirəm. Onlardan əvvəlki nəsil Nisə Qasımova, Zeynəb Xanlarova var idi. Ancaq onlar gələndə hər şey fərqli idi. Cəmi bir dövlət televiziyası var idi. Ona görə də yaddaşlarda daha rahat qalırdılar. Sonra hər şey dəyişdi, TV və radioların sayı artdı. Bu artım rəqabətdə də öz sözünü dedi. Hər şeyin sayı çoxaldı, indi isə müğənnilər sayı dəhşət artıb. 

 

- Şou proqram və toylarda çıxış etmirsiz...

- Dostlarımın, yaxınlarımın toyları, nişanları olur. Onlara “yox” deyə bilmirəm. İndi Vergilər Nazirliyi cərimələr tətbiq etməyə başlayıb. Bu barədə həyat yoldaşım mənə bir məsləhət verdi. Deməli, məndən 1-2 mahnı oxumaq üçün xahiş edənlərə, toya çağıranlara “yox” deməli olacam. Getməmək kimi bir niyyətim yoxdur. Əgər getsəm, gərək ki, onun vergisini ödəyəm. Onları necə başa salım, sübut edim ki, pulsuz oxumağa getmişdim.

 

- Bəs gəlir mənbəyiniz hardandı?

- Çox yaxşı sualdı (gülür). Mən maddi gəliri reklamlardan əldə edirəm. Bir il ərzində bir neçə şirkətin siması oluram.

 

- Deməli, reklamdan qazanan müğənnilər sırasındasız...

- Mən digər müğənnilərlə özümü müqayisə etmirəm. Amma TV və radiolarda kifayət qədər reklamlarım yayımlanır. İnstaqramda bəzən yazırlar ki, bezdik sənin reklamlarından. TV və radiolarda sənin səsini eşidirik.

 

- Sizinlə bağlı xoş xəbər aldıq. 4-cü dəfə ana olacaqsız...

- Mənim ən sonuncu övladımın 5 yaşı tamam olacaq. Hamıda elə təəssürat yaranıb ki, ildə bir dəfə ana oluram. Artıq 10 ildir ki, ailə həyatı qurmuşam. Qayınanamın yaxşı bir sözü yadıma düşür. "Əri olan qadın doğmalıdır". 

 

- 3 övladınız var, 4-cü də yoldadır. Azərbaycanlı ailələr 1 və ya 2 övladının olmağını istəyir. 4 övladınızın gələcəyi barədə nə plan qurmusuz?

- Biz şablon ailələrdən deyilik (gülür). Mən hər bir valideyn kimi onların xeyir işlərini görmək istəyirəm. Arzu edirəm ki, hər ailədən övlad səsi gəlsin. Onlarla bağlı çox gözəl planlarım var.

 

- Sosial şəbəkələrdə bir ara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çoxuşaqlı ailələrə, xüsusilə də qız uşaqlarına güzəştlərlə bağlı məlumatlar yayılmışdı. Mənə maraqlıdır ki, siz özünüz çoxuşaqlı ana kimi hansı güzəştləri gözləyirsiz? 

- Bu yaxınlarda mənə 2016-cı ildən nə gözlədiyim barədə sual verdilər. Mənim isə cavabım bu oldu ki, mənə layiq “Qəhrəman ana” adını versinlər. Mənə başqa şey lazım deyil. Dövlətdən “Qəhrəman ana” adı, bir medal, bir də 3 otaqlı ev istəyirəm. 4 uşaq anası kimi buna mənim haqqım çatır. Başqa dövlətlərdə belə bir şey var. Mən də bu ölkənin nümayəndəsiyəm, kifayət qədər işlər görmüşəm.

 

- Bəs fəxri ad gözləntiniz var?

- Fəxri adlarla bağlı iddiam yoxdu. İstəmirəm deyim ki, o ada layiq deyiləm. Bu yaxınlarda Röya fəxri ada layiq görüldü. Yeri gəlmişkən, təbrik edirəm. Biz eyni vaxta sənətə gəlmişik, nəticə isə göz qabağındadır. Onun 1, mənim isə 4 uşağım var. Haqqına danışaq ki, Röya illərini sənətə həsr edib. Ancaq mən həyatımı daha çox ailə və övladlarıma sərf etmişəm. Mən öz adımı istəyirəm. “Qəhrəman ana”, 3 otaqlı ev və medal...

 

- Niyə üçotaqlı ev?

- 4 otaqlı da ev ola bilər (gülür).

 

- Bir az da ailədən danışaq. Siz və həyat yoldaşınız tanınmış sima olub. Adətən məşhur simaların evliliyi uzun çəkmir...

- Bu il qalay toyu edəcəm. 10 illiyimizi qeyd edəcəyik. Hər bir halda üzük qaşı ilə sayılır. Biri od olanda, digəri su olmalıdır. Son söz evdə kişinin olmalıdır. Gözümü açıb ailəmdə də belə şey görmüşəm. Atamın sözü qanun olub. Həyat yoldaşımın sözü də mənə qanundur. Rövşən mənə nə məsləhət veribsə, xeyrini görmüşəm.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370
avatar

Oxşar yazılar