Unudulan məşhurlar   - İlk uşaq estrada müğənnisi, heç vaxt ailə qurmadı
21 oktyabr 2022 18:20 (UTC +04:00)

Unudulan məşhurlar - İlk uşaq estrada müğənnisi, heç vaxt ailə qurmadı

 “Unudulan məşhurlar” rubrikasının növbəti qonağı bir zamanlar populyarlaşan, lakin ekranlardan uzaq qalan müğənni, televiziya aparıcı Xəyalə Manaflıdır. O, indi haradadır?

Lent.az Azərbaycanın ilk uşaq estrada müğənnisi haqqında yazını təqdim edir:

Xəyalə Manaflı 1985-ci il martın 10-da Bakı şəhərində dünyaya gəlib. 9 yaşında ikən Azərbaycan Dövlət Filarmoniyasında ilk solo konserti baş tutub. 1992-2003-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano və vokal ixtisasları üzrə təhsil alıb. 2003-2007-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında vokal ixtisası üzrə Xalq artisti, professor Xuraman Qasımovanın sinfində musiqi təhsilini davam etdirib. Repertuarına həm xarici, həm də xalq mahnılarını, romansları, klassik musiqiləri də daxil edib. 

Artıq peşəkar səhnələrə can atan Xəyaləyə 1991-1998-ci illərdə bir neçə bəstəkarın xüsusilə onun üçün yazdığı 40-a yaxın mahnı xeyli şöhrət gətirib. Məhz uşaq mahnılarına çəkilmiş ilk kliplər də ona məxsusdur. O, ilk uşaq televiziya aparıcısıdır. Gənc müğənni 1992-ci ildə “Xəzər” studiyasında keçirilən "7…17" telemüsabiqəsinin qalibi olub. 

Bundan əlavə, 1991-1999-cu illərdə Azərbaycan Televiziyasında “Bax belə”, "BMTİ" müstəqil televiziya kanalında "Xəyalə və dostları", Azərbaycan televiziyasının 2-ci proqramında "Çərək, çərək, gəl görüşək" adlı musiqili, əyləncəli, uşaq və yeniyetmə proqramlarının aparıcısı olub. 2003-cü ildən bəri uşaq musiqi məktəblərinin birində vоkаl ixtisası üzrə dərs deyərək, müəlliməlik fəaliyyətini davam еtdirir.

2006-cı ildə "İki sevgi" adlı ilk musiqi albomu işıq üzü görüb. Bu albom onun populyarlığını qoruyub saxlayıb. O, həmin ildə “Kişiləri qoruyun”, daha sonra "Yuxu" filminə də çəkilib. 2014-2015-ci illərdə yayımlanan “5+” adlı bədii serialda “Sevanın bacısı” rolunu ifa edib. 

Xəyalə Manaflı müsahibələrinin birində deyib ki, onun sevimli məşğuliyyəti səhnə aksesuarlarını hazırlamaq, moda və dizaynla məşğul olmaqdır. Bir zamanlar uzun, tünd qəhvəyi saçlarını olduqca çox sevdiyini desə də,  imicində bir neçə dəyişiklik edib qısa, sarı saça keçid edib.  "Qəhrəmanımız"ı sevənlərinin sözlərinə görə, o çox sevdiyi saçlarından imtina etməsinin səbəbi illər əvvəl izdivacının pozulması və toyuna 1 aydan az vaxt qalanda sevdiyi adamdan ayrılmasıdır.  

37 yaşlı müğənni son müsahibələrində bildirib ki, heç vaxt ailə qurmayıb və evlənsəydi, bundan heç kəsin xəbəri olmazdı.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8691
avatar

Nigar Namiq

Oxşar yazılar