Noyabrın 17-də İrəvanda "qanuni oğru"lar arasında baş vermiş insidentdən sonra Ermənistan Daxili İşlər Nazirliyinin Baş Kriminal Polis İdarəsi, Yerevan şəhər Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nor Nork Polis İdarəsinin əməkdaşları 10 MO 010 dövlət nömrə nişanlı “Mercedes” və 11 OT 001 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobillər aşkar ediblər.
Lent.az-ın Ermənistan mediasına istinadən xəbərinə görə, avtomobillər Nor Nork Polis İdarəsinin xüsusi mühafizə olunan ərazisinə aparılıb.
Polis "qanuni oğru"lar arasında baş verən "razborka" iştirakçılarının bu avtomobillərdə gəldiyindən şübhələnir.
Digər məlumata görə, noyabrın 17-də Yerevanda “qanuni oğru"lar arasında baş vermiş insidentlə bağlı cinayət işi çərçivəsində saxlanılan Arsen Yerevanski, Arsen Mkrtçyan azadlığa buraxılıb və həbs edilməyib.
Vəkil Hovsep Sarkisyan bildirib ki, prosesi aparan orqan Mkrtçyanın həbs qətimkan tədbiri ilə tutulması barədə vəsatət təqdim etməyib və Mkrtçyanın həbsi ilə bağlı qərardan məhkəməyə şikayət verilib, o, təmin edilib. Məhkəmə həbsi qanunsuz hesab edib. Vəkil eyni hadisə ilə bağlı həbs edilən Vitya Tbilisski ilə qarşıdurmanın olub-olmaması barədə məlumat verməyib.
Xatırladaq ki, noyabrın 17-də günorta Yerevanın David Bek küçəsində “Arsen Yerevanski” və “Vitya Tbilisski” adlı “qanun oğrular” arasında onların tərəfdarlarının da iştirak etdiyi dava baş verib. İştirakçı olduğu iddia edilən 12 nəfər nəzarətə alınıb.