Quyudan meyiti tapılan 4 yaşlı Məryəmin atası həbs edilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, qızına işgəncələr verməkdə ittiham olunan Taleh Allahyarov barəsində Xəzər rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, T. Allahyarov ATV kanalında yayımlanan "Bizimləsən" proqramının efirində quyudan meyiti tapılan 4 yaşlı qızı Məryəm Hüseynliyə işgəncə verdiyini etiraf etmişdi. Onun barəsində Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
***
Saat: 13:19
Bakının Xəzər rayonunda öldürülərək quyuya atılan 4 yaşlı Məryəm Hüseynlinin atasına cinayət işi açılıb.
Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva bildirib. Onun sözlərinə görə, hazırda 4 yaşlı Məryəm Hüseynlinin ölümü və atası Taleh Allahyarovun azyaşlı qızına işgəncə verməsi ilə bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olduqda) və 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi açılıb. T. Aallahyarov şübhəli şəxs qismində saxlanılıb.
İstintaq araşdırmaları davam edir.
Qeyd edək ki, ötən gün “Azad Azərbaycan” televiziyasında yayımlanan “Bizimləsən” proqramının qonağı olan T. Allahyarov 4 yaşlı mərhum qızı Məryəm Hüeynliyə işgəncələr verməsini etiraf edib. Bununla bağlı dəhşətli videogörüntülər də efirdə yayımlanıb.