Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsi əməkdaşlarının Hökməli qəsəbəsində keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, onun üzərinə baxış zamanı narkotik vasitə olan marixuana aşkar olunub. Həmin şəxs ifadəsində narkotik vasitəni adıçəkilən qəsəbədə yaşayan Mehman adlı şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirinin davamı olaraq Hökməlidə narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Mehman Səfərov da tutularaq Polis Bölməsinə gətirilib. Onun üzərinə və yaşadığı evə baxış zamanı külli miqdarda narkotik vasitə olan satış üçün qablaşdırılan marixuana aşkar edilib. Mehman Səfərov ifadəsində bir müddətdir ki, Hökməli qəsəbəsində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.
Qobu Polis Bölməsi əməkdaşlarının Hökməlidə keçirdikləri digər bir tədbir zamanı qəsəbə ərazisində narkotiklərin satışı ilə məşğul olan daha bir nəfər - Abşeron rayon sakini əvvəllər məhkum olunmuş Şahin Mədətov saxlanılıb. Onun üzərinə baxış zamanı külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilib.
Qeyd edək ki, Şahin Mədətov narkotik maddələri Hökməli qəsəbəsində yerləşən qəbirstanlıqda satırmış.
Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir. Narkotiklərin satışını təşkil edən Mehman Səfərov və Şahin Mədətov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.