Bakıda kişinin qardaşı arvadını öldürməsi ilə bağlı cinayət işinin təfərrüatları məlum olub.
Lent.az sözügedən dəhşətli qətlin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, 39 yaşlı Səbuhi Kərimov qardaşı Həbib Kərimlinin həyat yoldaşı Laləzar Kərimlinin qonşuluqda yaşayan Əli Əliyevlə sevgi münasibətində olması haqda məlumat əldə edib. Bundan sonra qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib. Bu məqsədlə martın 26-ı saat 20 radələrində qardaşı oğlu Kərim Kərimli ilə birlikdə bacısı Mehriban Bəkirzadənin yaşadığı Qobustan qəsəbəsi, massiv 4, ev 30 ünvanına gəlib. Yardımçı tikilinin mətbəxinə daxil olaraq, Laləzər Kərimliyə yaxınlaşıb. Sol əli ilə boyun nahiyəsindən tutub və sağ əlində saxladığı bıçaqla ona 11 zərbə vurub.
Laləzər Kərimlinin meyiti
İş üzrə dindirilmiş Səbuhi Kərimov bildirib ki, hadisədən bir neçə gün əvvəl Laləzərin xəyanət etməsi barədə qardaşı Həbib özü ona danışıb. Həbib deyib ki, qaynı Natiqlə birlikdə Laləzərin telefon danışıqlarını çıxarıb. Laləzərə tanımadığı nömrədən zənglər gəldiyini və Həbibin də həmin nömrəyə zəng etdiyini öyrənib. Eşitdiklərinə inanmayıb, çünki Laləzər ümumiyyətlə evdən çölə çox çıxmayıb, həm də xəyanət edəcək xarakterdə insan olmayıb. Qardaşı Həbib uşaqları Laləzərdən alıb və onu evdən qovub. Qadın əvvəlcə atasının evinə gedib. Amma qardaşı Natiq onu evdən qovub deyə, bacısı Mehribangildə qalıb.
Səbuhi martın 26-da axşam qardaşı oğlu Kərimlə birlikdə icarəyə götürdüyü “Mitsubishi” markalı maşınla Mehribanın Qobustan qəsəbəsində yerləşən evinə yollanıb. Evin həyətinə daxil olublar. Mətbəxə girib Laləzərlə qarşı-qarşıya əyləşib. Divanda oturan Mehribandan xahiş edib ki, söhbət etmək üçün Laləzərlə onu tək qoysun. Səbuhi Laləzərdən niyə belə etdiyini soruşduqda, qadın Əli adlı şəxslə evdə görüşdüyünü deyib. Bu zaman Səbuhi masanın üstündə olan bıçağı götürüb qadına zərbə endirməyə başlayıb. Şok vəziyyətində olduğundan neçə zərbə vurması dəqiq yadında qalmayıb. Qadın yerə yıxılandan sonra Səbuhi qardaşı oğlu Kərimlə birlikdə evdən uzaqlaşıb. Sahil qəsəbəsinə çatanda maşını saxlayıb. Kərimə və dayısı oğlu İsaya Laləzəri öldürdüyünü deyərək, hər ikisini avtomobildən düşürdüb. Daha sonra o, bir neçə dəfə 102 xidmətinə zəng etsə də, xətt məşğul olub. Axırıncı dəfə görüşmək üçün anasının yanına gedib, təkrar 102-yə yığıb, cinayət törətdiyini bildirib.
Səbuhi Kərimov əlavə edib ki, əməlindən peşmandır.
Səbuhi Kərimov, istintaq fotosu
Zərərçəkmiş şəxsin hüquqi varisi Natiq İsgəndərov ifadəsində göstərib ki, mərhum Laləzər Kərimli onun doğma bacısıdır. Təxminən 2020-ci il mart ayının əvvəllərində bayram ərəfəsində Laləzər bir müddət onlarla yaşayıb. Həmin vaxt Həbib ona Laləzərın başqa şəxslə görüşdüyünü deyib. Natiq Həbibdən bunu hardan bildiyini soruşub. O, da deyib ki, guya bacısı bunu özü ona etiraf edib. Natiq daha sonra eşitdiklərini bacısı Laləzərdən də soruşub. O, bunun yalan olduğunu söyləyib. Laləzər evdəki söz-söhbətdən bezdiyini və küsüb bacısı Mehribanın evinə getdiyini bildirib. Martın 26-ı saat 21 radələrində bacısı Mehriban telefonda ağlaya-ağlaya Natiqə deyib ki, Laləzarı qaynı Səbuhi bıçaqla vuraraq, qaçıb. O da yaralını qonşu Zöhrabın maşını ilə Qobustandakı 20 saylı Təcili Tibbi Yardım Stansiyasına aparıb. Ora çatanda həkimlər bacısının artıq öldüyünü bildiriblər. Natiq İsgəndərov qeyd edib ki, xəyanət barədə eşidəndə Həbibə məsələni araşdıracağını deyib. Amma Səbuhi heç nə aydınlaşdırmadan, heç bir sübut olmadan bacısını öldürüb.
Qətldə istifadə olunan bıçaq
Şahid Mehriban Bəkirzadə bildirib ki, mərhum bacısı Laləzərin əri Həbiblə münasibətləri yaxşı olmayıb, mütəmadi onu döyüb. Laləzər qapalı insan olduğu üçün çox məsələləri onunla bölüşməyib. 2020-ci ilin mart ayında Həbib sözü olduğu üçün Laləzəri evlərinə çağırıb və ona xəyanət etdiyini söyləyib. Laləzər bu barədə sübutu olub-olmadığını sorusduqda, Həbib vaxtı gələndə deyəcəyini bildirib. Bacısı onlarda qalanda Mehribanın əri Həbibin qardaşı arvadı ilə yaxın münasibətdə olduğunu dilə gətirib. Laləzər hadisədən bir neçə gün əvvəl söhbət etmək üçün Səbuhini çağırmasını xahiş etsə də, Mehriban razı olmayıb.
Mehriban martın 26-da Səbuhi ilə Laləzərin nə danışdıqlarını eşitməyib. Bir qədər sonra Laləzərin qışqırıq səsini eşidib. Səbuhi otaqdan çıxıb və çöldən, qapını dəstəyindən tutub. İçəri girməyə icazə verməsə də, Mehriban onun əlini kənara çəkib və qapını açıb. Səbuhi ilə Kərim qaçıblar.
Qətl baş verən evin qapısı
Şahidin sözlərinə görə, bacısından xəyanət barədə soruşanda o, bunu inkar edib. Ancaq ölməmişdən əvvəl, onda bir sirr olduğunu və bu barədə Səbuhiyə danışacağını deyib.
Şahid Zöhrab Gülmalıyev bildirib ki, martın 26-da N.Niftəliyev küçəsi, 7 ünvanında yerləşən evində tikinti işi ilə məşğul olub. Saat 20 radələrində qonşuluqda, əmisinin evindən səs-küy eşidib, dərhal ora qaçıb. Həyətə daxil olanda, əmisi arvadı Mehriban Səbuhinin Laləzəri bıçaqladığını deyib. Zöhrab evində işləyən ustanı çağıraraq, köməkləşib yaralını maşına qoyub. Xəstəxanaya çatanda həkimlər müayinə edib, qadının öldüyünü bildiriblər.
Şahid Həbib Kərimli ifadəsində göstərib ki, 2020-ci il martın 2-də arvadı Laləzər ona xəyanət etdiyini və peşman olduğunu deyib. Həbib ona kiminlə xəyanət etdiyini soruşsa da, cavab almayıb. Laləzər həmçinin xəyanət etdiyi adamla görüşdüyünü və intim əlaqədə olduğunu da bildirib. Bundan sonra Həbib yoldaşını evdən qovub, uşaqlar isə evdə, atalarının yanında qalıb.
Qətl olan evdən foto
Bildiyi qədər Laləzər bir müddət atasının evində qalıb, sonradan isə bacısı ilə yaşayıb. Həbib bu barədə əvvəlcə anasına, hadisədən 2-3 gün əvvəl isə qardaşı Səbuhiyə danışıb. Martın 26-ı uşaqları ilə qohumlarından birinin evinə qonaq gedib. Oğlu Kərim onlarla gəlməyərək, evdə qalıb. Saat 21-də qaynı Natiq ona zəng vurub Səbuhinin Laləzəri öldürdüyünü xəbər verib.
Kərimə zəng vuranda, oğlu da bu məlumatı təsdiq edib. Həbib Laləzərin ölümündən sonra onun xəyanət etdiyi iddia olunan Əli adlı şəxslə maraqlanmayıb, ondan heç nə soruşmayıb. Ancaq Əlinin qəsəbədən köçüb, getdiyini eşidib.
Səbuhi Kərimov
Şahid Həbibə Vəliyeva bildirib ki, martın 2-də qardaşı Həbib deyib ki, Laləzər son vaxtlar özünü narahat hiss edib, tez-tez otağa keçərək dualar oxuyub. Həbib Laləzərə xəyanətlə bağlı suallar verib. Həbibin sözlərinə görə, Laləzər başqa şəxslə münasibətinin olduğunu və onu bağışlamasını istədiyini bildirib. Laləzər öz bacısının və Həbibənin yanında əvvəl deyib ki, həmin oğlan onu dükana gedəndə görüb, arxasınca düşüb. Sonra guya blokda yaxınlaşıb, Laləzəri öpüb. Mehriban Laləzərin danışdıqlarını eşidib çox hirslənib, bildirib ki, “ölsən də Həbibdən ayrılmağa qoymaram səni, get yoldaşından xahiş elə ki, səni bağışlasın”.
Martın 26-da Səbuhi ilə Kərim Həbibəgilə gələrək, bir az oturub, çıxıb gediblər. Hara getdiklərini soruşanda, Səbuhi işləri olduğunu deyib. Laləzərlə aralarında olan danışıqları telefon vasitəsilə yazıb. Səs yazmaqda məqsədi gələcəkdə məhkəmədə bundan istifadə edərək, uşaqları Laləzərin yox, Həbibin himayəsində qalması üçün istifadə etmək idi.
Qətl baş verən mətbəx otağı
Məhkəmə iclasında Səbuhi Kərimov ittiham üzrə özünü qismən təqsirli bilib.
Bakı Agır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Kərimov cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.