Abşeronda qadına qarşı quldurluq edilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Xırdalan şəhərində bir qadına qarşı törədilən quldurluq hadisəsinin də üstü açılıb. Zərərçəkən polisə məlumat verərək bildirib ki, qohumunun evində olan zaman mənzilə gələn tanışı Elnur adlı şəxs əlindəki bıçaqla ona hədə-qorxu gələrək 240 manatını ələ keçirib. Həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Elnur Əslanov və qohumu Əslan Əslanov saxlanılıb. İstintaq zamanı onların cinayətləri sübuta yetirilib.
Hadisə ilə bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsinin bir neçə bəndi ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Saxlanılanların Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər cinayətlər etdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron rayon Polis İdarəsinə və ya ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.