Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, keçirilən daha bir tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Cəlilabad rayon sakini İlahə İsmayılova saxlanılıb. Onun üzərindən 1 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilib. Araşdırma zamanı həmin şəxs narkotik vasitələri satmaq məqsədi ilə xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını bildirib.
Qeyd edək ki, İ.İsmayılovanın həyat yoldaşı da narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün bir müddət əvvəl həbs edilib. Təqdim edilən faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
İlahə İsmayılova polisə ifadə verərkən əvvəlcə özünü cinayətdə təqsirli bilməyib. Belə ki, o, yalan sözlərlə narkotik satışı ilə məşğul olmadığını deyib:
"Yox, yox, mən narkotik satışı ilə məşğul deyiləm, həyat yoldaşım məşğul idi, o da tutulub”.
Ancaq daha sonra İ. İsmayılova törətdiyi cinayət əməlini etiraf edib:
“Qadınlığımdan utanıram, artıq gecdir, hamı məni bağışlasın, onlarla gənci biz məhv etdik. Bilərəkdən edirdik. O pulları biz öz rahat həyatımız üçün xərcləyirdik. İnsanları narkotik üçün yalvarmağa məcbur edirdik".