Azərbaycanda 11 il əvvəl baş verən qətlin üstü açılıb.
Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, müəyyən edilib ki, 2011-ci ildə Şabran rayon sakini 1970-ci il təvəllüdlü Bəsti Əliyevanı oğlu 1990-cı il təvəllüdlü Elvin Dadaşov qəsdən öldürüb.
Elvin Dadaşov Şabran rayon Prokurorluğunda dindirilərkən həmin vaxt anası Bəsti Əliyevanı yaşadıqları mənzildə boğaraq öldürdüyünü, sonra onu həyətdə basdırdığını etiraf edərək, meyiti basdırdığı yeri göstərib.
Prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə həmin ərazini qazıb və insan skeleti aşkar ediblər.
Faktla bağlı Şabran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Elvin Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.