Astara rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat –axtarış tədbirləri nəticəsində Astara rayon sakinləri Cahid Hacıağazadə və qohumu Ramal Həmdəmov saxlanılıblar.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən baxış zamanı C.Hacıağazadənin əlindəki torbadan 7 kiloqram 460 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Araşdırma zamanı C.Hacıağazadənin həmin narkotik vasitəni qohumu, Astara rayonu, Pəlikeş kənd sakini Vüqar Vahabovdan əldə etdiyi müəyyənləşdirilib və o da saxlanılıb. V.Vahabovun yaşadığı evə baxış zamanı oradan 2 kiloqram 230 qram marixuana və 1 ədəd qanunsuz olaraq saxlanığı “Toz” markalı müvafiq sənədləri olmayan ov silahı və həmin silaha aid 26 ədəd patron aşkarlanaraq götürülüb.
Davam etdirilən əməliyyat tədbirləri ilə Vüqar Vahabovun həmin narkotik vasitəni qohumu, Züngüləş kənd sakini Tosif Məmmədovdan əldə etdiyi müəyyən edilib. T.Məmmədovun yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 320 qram marixuana və 1 ədəd qanunsuz olaraq saxlanığı müvafiq sənədləri olmayan “İJ” markalı ov silahı aşkarlanaraq götürülüb.