Metroya getmək üstündə KÜTLƏVİ DAVA:  "Sovetski"dəki qətlin təfərrüatları
04 fevral 2022 17:27 (UTC +04:00)

Metroya getmək üstündə KÜTLƏVİ DAVA: "Sovetski"dəki qətlin təfərrüatları

CİNAYƏT İŞİ

Qısa arayış…

2020-ci il iyunun 17-də Respublika Klinik Xəstəxanasından Yasamal rayon Polis İdarəsinə bıçaq xəsarətləri ilə daxil olan Bakı şəhər sakini Cəlal Hüseynovun ölməsi haqda məlumat daxil olur. Daxil olan məlumat əsasında dərhal əməliyyat qrupu yaraılır, hadisə yerinə və meyitə baxış keçirilməklə zəruri istintaq həkətləri yerinə yetirilir. Baxış protokolundan görünüb ki, hadisə Bakının “Sovetski” adlanan ərazisində baş verib.  Hadisə ilə bağlı Yasamal prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Cəlal Hüseynovun ölümünə - qaraciyər və mədənin yaralanması nəticəsində törənən kəskin qanitirmə səbəb olub. Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 23-də Rauf Hənifəyev və Ramil İsrafilov tutulublar. Avqustun 27-də isə kütləvi davada iştirak etmiş daha bir şəxs - əvvəllər məhkum olunmuş Tural Şirinov həbs olunub.

Lent.az həmin qətl hadisəsinin istintaq materiallarını əldə edib.

Qətl olan ərazi

İstintaqla müəyyən edilib ki, Rauf Hənifəyev 2020-ci il iyunun 13-də tanışı Tural Şirinovun əvvəllər tanımadığı Rüfət Ələsgərli və Cəlal Hüseynov arasında olan mübahisəsinin səbəblərini aydınlaşdırmağı qərarlaşdırıb. Bu məqsədlə ayın 17-i saat 23 radələrində o, Tural Şirinov, Elnur Şəmsiyev və Ramil İsrafilovla birlikdə Yasamal rayonu, M.Əliyev küçəsi, 45 ünvanına gəlib. Bina sakinlərinin rahatçılığını pozaraq, uca səslərlə söyüş söyüb və ictimai asayişi kobud surətdə pozublar. R. Hənifəyev bıçağı çıxarıb, dəstəyinin alt hissəsi ilə Rüfət Ələsgərlinin başına xəsarət yetirib, ardınca yumruqla üzünə zərbə vuraraq, onu yerə yıxıb. Rüfətin bədəninin müxtəlif nahiyələrinə təpiklə və Ramil İsrafilovun istifadə etdiyi beysbol toxmağı ilə çoxsaylı zərbələr endiriblər. Hadisə yerinə gələn Cəlal Hüseynov Rüfəti al-qan içində görərək, Turala və Elnura kəllə ilə zərbələr vurub. Bu zaman Rauf Cəlala 7 bıçaq zərbəsi vuraraq, onu öldürüb.

Qətl baş verən yer

Qətli törədən Rauf Hənifəyev istintaqa nələr danışıb?

Rauf Hənifəyev bildirib ki, iyunun 15-i saat 22 radələrində dostu Ramil İsrafilovla birlikdə, onun avtomobilini “Sovetski”də təmir üçün ustaya veriblər. Həmin vaxt digər dostu Elnur Şəmsiyev ora gələrək tanışları Tural Şirinovun Rüfət və Cəlal adlı şəxslər tərəfindən döyüldüyünü deyib:

“Maşının baqajından beyzbol taxtasını götürüb onlara yaxınlaşdıq”

“Münaqişənin səbəbini bilmirdik. İyunun 17-i saat 21 radələrində Ramilin idarə etdiyi “Hyundai” markalı avtomobildə olanda Elnura zəng edib, harda olduğunu soruşdum. Elnur Turalla birlikdə “Sovetski”də bir qədər işləri olduğunu dedi, ondan olduqları dəqiq ünvanı deməsini xahiş etdim. Telefonu götürən Tural Cəlalı axtarmağa getdiklərini dedi. Mən də onların ora davaya getdiklərinə əmin oldum. Bu səbəbdən Turala bizi də gözləmələrini dedim və Ramilə maşını Cəlalgilin köhnə məhəlləsinə - Mirzəağa Əliyev küçəsinə tərəf sürməsini tapşırdım.

Ramil İsrafilovun avtomobili

Ora dava olarsa, Elnurun yanında olmaq, onu tək qoymamaq, məsələni sülh yolu ilə həll etmək üçün getdim. 5-10 dəqiqədən sonra hadisə yerinə çatanda Turalın idarə etdiyi qara rəngli “Tofaş” markalı avtomobilin 45 saylı binanın qarşısında dayandığını gördük. Ramil Turalın maşınını keçib bir qədər irəlidə saxladı. Amma əvvəl avtomobildən düşməyib arxada nə olduğunu izlədik. Gördük ki, Tural oturub maşında ona yaxınlaşan Rüfət Ələsgərli ilə söhbət edir. Nədən danışdıqlarını eşitmirdik. Bir neçə dəqiqədən sonra Rüfətlə Turalın bir-birinə əl-qol atdıqlarını gördük. Ramillə birgə maşından düşdük. Ramil maşının baqajındakı beyzbol taxtasını götürdü, onlara yaxınlaşdıq. Üstümdəki bıçağı çıxarıb, dəstəyinin arxa hissəsi ilə Rüfətin başına, ardınca da yumruqla sifətinə zərbələr vurub, onu yerə yıxdım. Bizə söydüyü üçün yerdə uzanan Rüfəti təpikləməyə başladıq. Hadisənin şahidləri Ceyhun və Valeh adlı şəxslər olub”.

Cəlal Hüseynovun maşını

Ara sakitləşdikdən sonra yerdə təpiklənən Rüfət ayağa qalxıb özünə gəlməyə çalışıb. Söhbət əsnasında aralarında qismən barışıq olub. Həmin yerdən uzaqlaşmaq üçün avtomobillərinə tərəf addımlayarkən, küçənin yuxarı tərəfindən Cəlal Hüseynovun yanında bir neçə nəfərlə gəldiyini görüblər:

“Məqsədim Cəlalın arxa hissəsinə bıçaq vurub, onu tanışları arasında rüsvay etmək idi”

“Cəlal yanımıza çatıb, Rüfətin üz-gözünü al-qan içində görərək, nə baş verdiyini soruşub. Dərhal Turalın, ardınca da Elnurun sifətinə kəllə vurub. Bu zaman ara yenidən qarışıb, hadisə yerində neçə nəfərin olduğunu dəqiq bilmirəm. Yenidən cibimdən bıçağı çıxartdım. Cəlal sağ əlini belinə tərəf keçirib, sürətlə mənə tərəf gəlıb və üzərindəki kəsici aləti çıxarıb. Məqsədim Cəlalın arxa hissəsinə bıçaq vurub, onu tanışları arasında rüsvay etmək olub. Onu öldürmək niyyətim yox idi. Cəlalın ayağı sürüşərək səndələməyə başladı. Üzərinə gedib, qarın nahiyyəsinə bir dəfə zərbə vurdum. Cəlal yaralandığı üçün tanışlarıma qışqırdım ki, polislər gəlib onları aparacaqlar. Onlara dedim ki, təcili buradan qaçaq. Bu səbəbdən də mən və Elnur Ramilin, Tural isə öz maşınına minib, ərazidən uzaqlaşdıq. “5 mərtəbə”də bir neçə dəqiqə söhbət edərək, ayrı-ayrı istiqamətlərə getməyi qərarlaşdırdıq”.

İstintaq zamanı götürülən maddi sübut

Bir neçə gün çöldə yatsalar da…

İyunun 18-nə keçən gecə Ramil hadisədən xəbərsiz olduğunu deyərək, tanışlarından kiməsə yığıb. Məqsədi hadisənin təfərrüatlarını öyrənmək olub. Həmin şəxs də Ramilə bıçaqlanan Cəlal Hüseynovun xəstəxanada aldığı xəsarətlərdən öldüyünü deyib. Rauf Cəlalın öldüyünü biləndən sonra Elnur və Turalla əlaqələrini kəsib. Daha sonra Rauf və Ramil telefonla izlənəcəklərindən qorxub, telefonlarını və mobil nömrələrin qırıb tullayıblar. Bir-iki gündən sonra Ramilin maşınının üzərinə həbs qoyulacağını düşündükləri üçün, nəqliyyat vasitəsini “Mətbuat” prospektində saxlayıb, piyada hərəkət ediblər. Bir neçə gün Yasamal qəbiristanlığında, qeyri-yaşayış tikililərdə və binaların bloklarında gecələyiblər. Rauf iyunun 23-də N.Nərimanov heykəlinin yaxınlığında olarkən, yoldan keçən tanımadığı adamın telefonu ilə tanışı Aydın Abbasova zəng edib, onlara pul gətirməsini xahiş edib. Bir neçə saat sonra Aydın gələrək, axtarışda olduqlarını və təslim olmalarını bildirib. Polis əməkdaşlarının onlara yaxınlaşdıqlarını görüb, qaçmağa çalışıblar. Lakin əməliyyat nəticəsində hər ikisi saxlanılaraq, bölməyə aparılıb.
Kütləvi dava iştirakçısı Tural Şirinovun sözlərindən belə çıxır ki, bütün olanlara səbəb “Nizami” metrosuna getmək üstündə yaranıb.

Rauf Hənifəyev

Tural Şirinovun sözlərinə görə, öz maşını ilə Rüfət Ələsgərlinin oğlu ilə idman zalına gedib. Məhəlləyə qayıdandan sonra tanışı onu “Nizami” metrosunun yanına aparmasını xahiş edib. Cavab olaraq, vaxtı olmadığını bildirəndə, aralarında sözlü mübahisə yaranıb:

Dava zamanı yerə düşən qol saatı

Yenidən söhbəti açdı, amma bu dəfə sülh olmadı

“Səs-küyə Rüfətin tanışı Cəlal Hüseynov yaxınlaşaraq, mənə səbəbsiz yerə şillə vurdu. Maşından düşüb, Cəlalla dava etmək istəyəndə Rüfət mane oldu. Hadisəni dostum Elnur Şəmsiyevə, demişəm. O, da məndən xəbərsiz Rauf Hənifəyevə xəbər verib. İyunun 17-də Mirzəağa Əliyev küçəsi, 45 ünvanında Rüfəti qonşuları Ceyhun Hüseynov və Valeh Əsgərovla tində dayandığını görüb, maşını saxladım. Rüfəti yanıma çağırıb, bir neçə gün əvvəl aramızda olan mübahisəni yadına saldım. Mənə qarşı düzgün hərəkət etmədiyini dedim. Buna görə yenə mübahisə yarandı o, mənə, mən də ona söydüm. Hadisədən sonra maşınıma minməmişdən əvvəl, Cəlal Hüseynovun səndələdiyini görüb, bıçaqlandığını düşündüm. Orada olanlar məni çağırıb Cəlalın xəsarət aldığını və onu xəstəxanaya aparmağımı deyiblər. Rüfətlə Valeh maşınıma yaxınlaşanda qorxduğum üçün kömək etmədim və oradan uzaqlaşdım”.

Tural Şirinov da avqustun 27-də Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsindəki  37 saylı binanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal rayon Polis İdarəsinə gətirilib.

Cəlalın cəsədi

Davanın qurbanı olan Cəlal Hüseynovun anası Esmira Hüseynova oğlunun ölümü ilə bağlı bunları deyib:

“Yasamal rayonu, Qədirli küçəsində yaşadığımız ev planlı qaydada dövlət qurumları tərəfindən söküldüyündən 2018-ci ilin dekabr ayından Binəqədi rayonu, Mədən 1 ünvanına köçmüşük.

Oğlum Cəlal Hüseynov natamam orta təhsil alıb, Lənkəran rayonunda həqiqi hərbi xidmətdə olub. Rəsmi heç yerdə işləməyib, “BMW” markalı maşınla taksi fəaliyyəti ilə məşğul olub. Uzun müddət narkotik vasitələrdən istifadə edib. Buna görə 3 dəfə məhkum olunub. 2020-ci il iyunun 17-də gecə qohumum Valeh Əsgərov zəng vuraraq Cəlalın bıçaqlandığını və Respublika Klinik Xəstəxanasında öldüyünü deyib. Sonradan eşitdim ki, oğlum Yasamal rayonunda baş vermiş davada Rauf adlı şəxs tərəfindən bıçaqlanaraq, öldürülüb”.

Cəlal Hüseynov

Dava iştirakçısı Rüfət Ələsgərli bildirib ki, iyunun 17-də Tural Şirinov təxminən 3-4 metr məsafədə dayanıb, maşından onu yanına çağırıb:

“Salam verdim əlimi geri qaytardı”

“Maşında olan Elnurla salamlaşandan sonra, Turala da salam vermək üçün əl uzatdım. Amma o, sərt şəkildə əlimi geri qaytardı. Bu hərəkətinin səbəbini soruşanda, Tural bir neçə gün əvvəl baş verən məsələni aydınlaşdırmağa gəldiyini deyərək, məni söydü. Bu zaman başqa, qara rəngli, maşın binanın yuxarı tərəfindən aşağıya doğru gəlib, irəlidə dayanıb. Tural, Elnur, habelə digər avtomobildən düşən Ramil və Rauf mənə hücum etdilər. Küt alətlə başımdan vurub yerə yıxdılar. Qorunmaq üçün hər iki əlimlə üzümü tutmuşdum. Ceyhunla Valehin müdaxiləsindən sonra ara bir qədər sakitləşib, ayağa qalxıb özümə gəlməyə çalışırdım. Küçənin yuxarısından Cəlalın gəldiyini gördüm. Cəlal Turalı və Elnuru vurandan sonra, belindən bıçaq çıxarıb”.

Rüfətin sözlərinə görə, Cəlalı kəsci alətlə Rauf yaralayıb, sonra onlar avtomobillərə əyləşib, hadisə yerindən uzaqlaşıblar. Cəlal yerdə olarkən Valeh onun şalvarının kəmərinə bərkitdiyi avtomobilinin açarını götürüb və bir qədər kənarda saxladığı maşını idarə edərək, yanına gəlib. Yaralını avtomobilin arxa oturacağına yerləşdirib, xəstəxanaya yolla salıblar.

Tural Şirinov

Məhkəmə-narkoloji ekspertizasının rəyinə görə, müayinə zamanı heroin qəbulu nəticəsində Rauf Hənifəyevdə psixi və davranış pozuntuları, Tural Şirinovda isə asılılıq sindromu aşkar olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Hənifəyev 18 il,  Ramil İsrafilov 2 il 6 ay və Tural Şirinov 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar.

Bakıda baş verən qətlin istintaqı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7626
avatar

Mehman Nəbiyev

Oxşar yazılar