Xaçmazda kişi arvadını qolunu sındırıb.
Lent.az xəbər verir ki, balıq vətəgələrində mühafizəçi işləyən 50 yaşlı İsmayıl Əmiraslanov (ad və soyad şərtidir) sərxoş halda evlərinə gedib. Qapını açan zaman arvadı Elnarə stuldan yıxılıb. İsmayıl əsəbi halda yıxılıb yerdə qalan Elnarənin qoluna təpiklə zərbə vurub. Nəticədə qadının qolu sınıb.
Zərərçəkən xəstəxanaya yerləşdirilib və müalicə olunub.
İsmayıl Əmiraslanov isə polis tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 127.2.3.-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və xuliqanlıqla törədildikdə) maddəsilə cinayət işi başlanıb.
Məhkəmə istintaqı zamanı isə 20 ildir qeyri-rəsmi yaşayan və 4 övlad böyüdən ər-arvad barışıblar. Onlar məhkəmədən işə xitam verilməsini istəyiblər. Zərərçəkən qadın bildirib ki, əri sərxoş halda qapıdan girəndə onun əsəbi olduğunu düşündüyü üçün digər otağa keçmək üçün cəld stuldan qalxıb. Lakin bu zaman yıxılıb.
Xaçmaz rayon Məhkəməsində hakim Sərxan Səmədzadənin sədrliyi ilə keçirilən prosesdə İsmayıl barəsində açılan cinayət işi Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilib. O, cinayət məsuliyyətindən azad olunub və cinayət işi xitam verilib.