Yanvarın 10-u saat 1 radələrində Ağdaş rayonu, Ləki qəsəbə sakini Zaur Əliyevə tanımadığı şəxs yaşadığı evin həyətində ürək nahiyəsindən bıçaqla xəsarət yetirilib və hadisə yerindən qaçıb.
Ağdaş rayon Prokurorluğunda Lent.az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq və polis orqanları əməkdaşlarının keçirdiyi istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Yevlax rayon sakini, 21 yaşlı Nurlan Xəlilovun törətməsinə əsaslı şübhələr müəyyən edilib. Nurlan Xəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.