Səbail rayon Polis İdarəsi və 9-cu Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxt sakini olan Samir adlı şəxsin narkotiklərin satışını həyata keçirdiyi barədə Polis Bölməsinə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir nəticəsində həmin şəxs - Samir Qurbanov tutularaq 9-cu Polis Bölməsinə gətirilib. Onun üzərinə baxış zamanı 5 qrama yaxın heroin aşkar olunub. Həmin şəxs ifadəsində yaşadığı evin yaxınlığında zirzəmidə külli miqdarda narkotik vasitə gizlətdiyini də bildirib.
Həmin yerə baxış zamanı Samir Qurbanova məxsus əlavə 3 kiloqram 20 qam heroin aşkar edilərək götürülüb. O, ifadəsində narkotik vasitələri ölkə ərazinə qaçaqmalçılıq yolu ilə göndərən xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat zamanı isə rayon ərazisində yerləşən ictimai iaşə obyektlərində silsilə oğurluqlar edən Sumqayıt şəhər sakini Tahir Əhmədov saxlanılıb. Araşdırma zamanı onun müştəri kimi getdiyi obyektlərdə zərərçəkənlərin ani diqqətsizliyindən istifadə edərək onların mobil telefonlarını oğurladığı müəyyən edilib. Tahir Əhmədovun etdiyi oğurluqların bir neçəsi obyektlərin təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.
Faktlarla bağlı hər iki şəxs barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.