Bakıda qətl törədən Əli Musayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Telman Hüseynovun icraatına verilib.
Qeyd edək ki, 2021-ci il noyabrın 9-u saat 17 radələrində şəhər sakini 1991-ci il təvəllüdlü Natiq Ramazanovun aldığı xəsarət nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Ramazanov “Tik-Tok” sosial şəbəkəsində yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini, 1982-ci il təvəllüdlü Əli Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb, bu zaman aralarında baş vermiş mübahisə zamanı sonuncu Natiq Ramazanova sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirib və nəticədə o, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Əli Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Xatırladaq ki, Milli Ordunun leytenantı N. Ramazanov 44 günlük Vətən Müharibəsi iştirakçısıdır.