Xəbər verildiyi kimi, bu il avqustun 22-də Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində 27 yaşlı Əhəd Nuriyevin üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində tamamlanıb.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə müəyyən edilib ki, avqustun 18-də zərərçəkmişin tanışı 36 yaşlı Mirşahid Mehdiyev, Əhəd Nuriyevə məxsus mobil telefonda olan videogörüntüsünün sonuncu tərəfindən silinməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.
Mirşahid Mehdiyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, mediada yayılan məlumatlara görə, öldürülən Ə. Nuriyev cinsi azlıqların nümayəndəsi olub.