Külli miqdarda dələduzluqda təqsirləndirilən İradə Musayevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Zaqatala rayon Məhkəməsinə göndərilib. İş hakim Vüqar Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 16-da baş tutacaq.
İş üzrə 20 nəfər zərərçəkmiş qismində tanınıb. İ.Musayeva Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham olunur.
Qeyd edək ki, İ. Musayeva ötən il noyabr ayında polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman onun 6 nəfərə qarşı 90 min manatlıq dələduzluq etdiyi müəyyən edilmişdi. Belə ki, o, özünü həm də nazirlik əməkdaşı kimi təqdim edərək, pensiya düzəltdirmək, sosial ev tikdirmək, xaricdə oxuyan tələbənin diplomunu tanıtdırmaq adı ilə başqa şəhər və rayonlarda külli miqdarda dələduzluq əməli törədib.
Sonradan İ. Musayevanın əməllərindən zərərçəkən çoxsaylı vətəndaşlar ölkənin müxtəlif yerlərindən Daxili İşlər Nazirliyinə müraciət edib. Onun Zaqatala və Şəki rayonlarından əlavə, Ağdaş, Ucar, Bakı və digər bölgələrdə anoloji əməlləri törətdiyi bildirilir.
İradə Musayeva