İmişlidə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, İmişli rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Bəhrəmtəpə qəsəbə sakini Yadigar Nəsirov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin aşkar edilib.
Dindirilmə zamanı Y.Nəsirov narkotik maddəni tanışı Füzuli adlı şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq rayon sakini, əvvəllər dəfələrlə narkotiklərə görə məhkum olunmuş Füzuli Gəncəliyev də saxlanılaraq istintaqa təqdim edilib. Onun yaşadığı evə keçirilən baxış zamanı isə sellofan bükümlərdə “patı” və “şüşə” adlanan psixotrop maddə metamfetamin və heroin, eləcə də iki ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən F.Gəncəliyevin evində axtarış aparılan zaman Cinayət Məcəlləsisin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə axtarışda olan İmişli rayon sakini Aytac Əhmədova da aşkarlanıb və o, saxlanılaraq rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilib.
Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.